Aytən Nəsibbəyli
Nağıl - ŞEİR
Bir uşaq düşün
Anasız.
Daha ana laylası eşitməmiş
anasını laylalara gömmüş
yetim bir uşaq düşün.
Kim bilir
bəlkə neçə dəfə
əlindən tutub
qaçmısan onunla
xəyalında
dünyanın
bilmirəm, haradasa var olduğu söylənilən
olmazların olduğu
limansız,
yolsuz
o itmiş şəhərinə.
Röyalar sehriylə
bir nağıl yaşamısan,
bəlkə də uydurmusan.
Hə, uydurmusan
uşaq vaxtı
nənənin sənə
uydurub söylədiyi
o gülməli nağıllar kimi.
“Sonda padşah
gözəl kəndli qızını alır.
Kasıb,
amma ağıllı kəndli
padşah olur”.
Nə yaxşıydı uşaq olmaq,
uşaq olub özünü
nağıl qəhrəmanı bilmək.
Qırxotaqlı saray və sən.
Və oyanmaq.
Və son.
Nağılsız,
üç almasız,
sehirsiz bir
Son.
Sənin sonun !