Volqoqradın Voroşilovskiy rayonunda naməlum şəxs məscidin birinci mərtəbəsinə içərisində tərkibi bilinməyən maye olan butulka atıb.
SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, nəticədə nə pəncərə qırılıb, nə də yanğın baş verib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin (RF DİN) vilayət üzrə Baş idarəsinin məlumatına əsasən, faktla bağlı RF Cinayət Məcəlləsinin (CM) 167-ci (yanğın törədərək əmlaka qəsdən ziyan vurma və ya məhv etmə) və 213-cü (xuliqanlıq) maddələri üzrə cinayət işi qaldırılıb.
Xatırladaq ki, çərşənbə axşamı günü şəhərin Kirov rayonunda da bənzər hadisə verib. Belə ki, həmin vaxt naməlum şəxs müsəlman evinə içərisində alışdırıcı maye olan butulka atıb. Nəzarət altında olan evdəki “həyəcan düyməsi”nin işə düşməsi nəticəsində bir neçə dəqiqə sonra hadisə yerinə idarəxarici mühafizə əməkdaşları gəliblər.
Yanğın ev sahiblərinin səyi ilə söndürülüb.