Meyxanaçı ekstravaqant müğənniyə "Naz et" dedi
Azərbaycanlı meyxanaçı Namiq Qaraçuxurlu amerikalı müğənni Ledi Qaqaya qəzəl oxuyub. ANS PRESS-in məlumatına görə, meyxanaçı dünyaşöhrətli ulduzun sevilən "Alejandro" mahnısının musiqisi üzərində hazırlanmış kompozisiyanın girişində ona xitabən Əliağa Vahidin "Naz et" qəzəlindən bir parça söyləyib. Musiqi nömrəsi ANS TV-nin "Bizimkilər 2.0" musiqili layihəsində hazırlanıb. Qeyd edək ki, 31 dekabr - Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə təqdim edilən “Bizimkilər 2.0” layihəsində uzun illər bütün dünyada məşhur olan hit mahnılar musiqi alətlərimiz və muğam ifaçılarının köməyilə milli, həmçinin müasir improvizasiyada yenidən ifa edilərək tamaşaçıların ixtiyarına verilib. İnstrumental aranjemandakı məşhur hitləri Azərbaycan incəsənətində xüsusi yeri olan şəxslər ifa edib."Bizimkilər 2.0" layihəsinin ideya müəllifi və rəhbəri Seyfulla Mustafayev, baş redaktoru Samirə Səfərəliyeva, musiqi rəhbəri və aranjemanı Yaşar Baxış, Elçin Əhmədov, rejissoru Yaşar Əliyev, prodüsserləri isə Aynur Hüseynova və Nadirə Məmmədovadır.