NATO üzvü olan ölkələr müdafiə xərclərini hazırkı 2 %-lə müqayisədə 3 %-dən çox artırmalı olacaq.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu alyansın baş katibi Mark Rütte Münxen Təhlükəsizlik Konfransına gələrkən bildirib.
"Düşünürəm ki, bu, ÜDM-in ən azı 3 %-dən çox olacaq", - o, jurnalistlərin sualını cavablandırarkən söyləyib.
Baş katibin sözlərinə görə, hazırda alyans xərc səviyyəsini qiymətləndirir və bu məbləğ iyulda Haaqada keçiriləcək NATO sammitinə qədər müəyyən edilməlidir. "Biz daha çox ödəməliyik. NATO-nun Avropa hissəsi daha çox ödəməlidir. Biz kifayət qədər vəsait ödəmirik", - o əlavə edib.
Müdafiə xərclərinin artırılması NATO-da ən kəskin məsələlərdən biridir, çünki bunu ABŞ tələb edir. ABŞ Prezidenti Donald Tramp artıq bəyan edib ki, avropalılar müdafiəyə ÜDM-in 5 %-ni xərcləməlidirlər, Rütte isə alyans ölkələrinə iyulda Haaqada keçirilməsi planlaşdırılan sammitə qədər xərclərin yeni səviyyəsini müəyyən etməyi təklif edib.