02:17 Bazar Ertəsi, 18 Noyabr 2019
KÖŞƏ

Naxçıvan və naxçıvanlıların sevgisi

11:35, 21.08.20199982
Naxçıvan və naxçıvanlıların sevgisi
 Nicat Əlibəyli
 
Naxçıvana ilk dəfə qardaşım Nazim əsgərlikdə olarkən, 2010-cu ildə getmişdim.

Bu dəfə isə ziyarət səbəbim Naxçıvanlı dostum Vüsalın toyu oldu. Elə yol yoldaşım Ervin də Naxçıvanlı idi.

Kimsə bizdən "Filankəs necə adamdır?"- deyə soruşanda, çox vaxt "Yol yoldaşı olmamışam, dəqiq deyə bilmərəm” tipli cavab eşidir. Amma bundan sonra kimsə məndən məhz Ervini soruşsa, qətiyyətlə necə gözəl bir insan olduğunu deyə bilərəm. 4 ilə yaxındır ki, tanışıq. Zatən onunla bağlı heç bir şübhəm yox idi, amma biz Bakıdan Naxçıvana çatıb ordan da geri qayıdana qədər buna bir daha əmin oldum ki, o, qüsursuz bir şəxsdir, şəxsiyyətdir. Lakin sözümün canı var.

Naxçıvanda Ervinin dostları ilə görüşdük. Bu insanlar da məndə insanlığa, dostluğa, yoldaşlığa, mərdliyə olan inamı artırdılar, bir şəxsdə ola biləcək mühüm insani keyfiyyətləri ilə ürəyimdə başqa bir hiss yaratdılar...

Dostumun ailəsi də o qədər ürəyimə yatan insanlar oldu ki, yavaş-yavaş bütün bu olanlara yaxşı mənada təəccüblənməyə başladım. Bilirəm: Adam olmaq asandır, insan olmaqsa çətin! Lakin bundan sonra bildim ki: Naxçıvan əhli üçün bu məsələ keçərsizdir.

Sanki Yer üzündəki bir çox insan kimi insanları yığıblar bir araya – Naxçıvana!
Vüsal qardaşımızın toy günündən danışım. Şahbuz rayonu, Kolani kəndində çox maraqlı bir toy baş tutdu...

Məsələn, ilk dəfə toydan bir gün öncə "Ciyər axşamı” dediyimiz o gecədə xaş yedim. Xaş ki, nə xaş!.. Ləzzəti mükəmməlin üstündə! Hələ ki, bu yayın günündə!
Toyun səhəri günü isə Ervinin dostları bizi öz məmləkətlərində gəzdirdilər. İlk dəfə ayaq basdığım "Duzdağ" məndə qəribə hisslər yaratdı. "Yerin-göyün sahibi varlığını yaratdıqları ilə sübut  edir” deyə düşündüm.

Astma və bronxit xəstələri üçün mükəmməl bir məlhəm olan bu dağın havası, elə özü də ziyarətçilərini içi mən qarışıq, heyran qoydu.. Heyran qalanlar təkcə biz deyildik, bizdən əvvəl və bizdən sonra orda olanlar da var…

Daha sonra Batabat gölü, Arpaçayı və digər gözəl guşələri gəzdik… Lakin mənim sözümün əsl canı bu torpağın havasını udan, suyunu içən insanlar barədədir.  Şəxsi tanıdığım bir çox Naxçıvanlı-sinif yoldaşlarım, iş yoldaşlarım, tanışlarım var ki, hər birini yadıma saldıqca ağlımda belə bir sual yaranır: "Yəni mənim Naxçıvanlı tanışlarım arasında özünü və xasiyyətini bəyənmədiyim biri doğrudan da yoxdur?!”

Əslində Naxçıvanda cəmi 2 gecə qonaq qaldım, lakin xeyli sayda yeni insanlarla tanış oldum. Təbii ki, bir müddət daha orda qalmış olsa idim, güman ki, müəyyən neqativ hallarla da, mənfi xarakterli insanlarla da rastlaşmaq ehtimalım vardı. Amma bu baş vermədi və ordan şəffaf hisslərlə qayıda bildim. Düzünü desəm, bu fikirlər 2 günün nəticəsi də deyil. Sadəcə bu yaşıma gələnə qədər tanıdığım bütün Naxçıvanlı dostlarımı öz fikrimdə bir araya gətirib bu həqiqətə bu qədər dərindən varmamışdım: Pis Naxçıvanlı tanımıram! 

Neçə gündür, düşünürəm ki, bu hisslərimi mütləq qələmə almalı, yaxşılar, yaxşılıqlar haqda mütləq öz fikirlərimi, təəssüratlarımı bölüşməliyəm. Bunu özümə borc bildim və etdim.

Sözümün canı: Əziz Naxçıvanlı dostlarım, möhtəşəmsiz! Hər birinizdən mükəmməllikdən başqa bir şey görmədim. Uşaqlıqdan beynimizdə formalaşdırılan o "Naxçıvan eqosu” ilə bağlı fikirlər tamamilə yox oldu. Sizi tanıdığıma ürəkdən şadam və Yer üzünün bütün insanlarının ən az sizin qədər gözəl ürəkli olmasını diləyirəm!

P.s: Sığorta mütəxəssisi olasan, Naxçıvana gedəsən və sığorta yazmadan dönəsən?! Bu sadəcə mümkün bir iş deyildi...
XƏBƏR LENTİ