Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xətai rayonunda daha bir məmurun ağacları kəsməsi ilə bağlı işi prokurorluğa göndərməsi xəbəri ciddi səs-küyə səbəb olub.
Buna səbəb nazirliyin araşdırmasından sonra, ağacların kəsildiyi Xətai rayon icra hakimiyyətinin nazirliyi təkzib edən məlumat dərc etməsidir. Belə ki, nazirliyin açıqlamasında, ağacların rayonun Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi qeyd edilmişdi. Nazirlik məlumatda qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərdiyini də bildirmişdi.
Xətai rayon icra hakimiyyəti isə bu açıqlamadan sonra https://khatai-ih.gov.az saytında "Xətai rayonunda ağac kəsimində məmurun iştirakı olmayıb” başlıqlı xəbər dərc edib. İcra hakimiyyəti nazirliyin əksinə olaraq ağacların kəsintisində "jek" müdirinin müdafiəsinə qalxaraq İlyas Cabbarov adlı vətəndaşı önə verib.
Xəbərdə yazılır:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatda Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda ağac kəsimi ilə əlaqədar yaydığı bəyanata cavab olaraq Xətai rayonu, 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi İsmi Ağayev bildirmişdir ki, MKİS-in rəisi Zahid Bədəlov 07.07.2017-ci il tarixdən səhhəti ilə bağlı işə çıxmır. Eləcə də məlumat vermişdir ki, Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda yaşayan İlyas Cabbarov istifadəsində olan torpaq sahəsində 3 ədəd nar kolu kəsmişdir. Bunu öz həyətyanı sahəsində bostan məhsulları yetişdirmək məqsədilə etmişdir. Göstərilən ünvan 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşir. Lakin Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlovun və işçilərinin göstərilən kolların ləğv edilməsində heç bir iştirakı olmamışdır”
Bəs əslində nə baş verir? Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov niyə "jek” müdirinin müdafiəsinə qalxaraq nazirliyi yalançı durumuna düşürür?
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərinov mövzuya aydınlıq gətirib. Nazirlik sözcüsünün sözlərinə görə, icra hakimiyyətinin açıqlaması faktlar üzərinə qurulmayıb:
"Bizim əməkdaşlar ərazidə şikayət əsasında yoxlanış aparıblar. Yoxlanışlar zamanı hadisə yerinə gələn Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov özü öz dilindən ağacların kəsilməsinin tikilən obyektlə bağlı olduğunu bildirdi. Və məsələdə məsuliyyət daşıdığını etiraf etdi. Biz isə bu məsələyə hüquqi qiymət verilməsi üçün sənədələri toparlayıb Baş Prokurorluğa göndərdik”.
Sektor müdirinin sözlərinə görə, icra hakimiyyətinin "MKİS-in rəisi Zahid Bədəlov 07.07.2017-ci il tarixdən səhhəti ilə bağlı işə çıxmır” deməsinə də münasibət bildirib. Nazirlik sözcüsünün sözlərinə görə, nazirlik əməkdaşları yoxlanış apardığı zaman jek müdiri özü əraziyə yaxınlaşıb:
"Bu ərazidə aparılan bütün işlərlə bağlı öncədən Mənzil Kommunal İstismar Sahəsinin məlumatı olub. Təbii ki, bu nazirlik olaraq yalnız sənədlərə hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərə bilərdik. Prokurorluq araşdırdıqdan sonra qərar veriləcək”.
Xatırladaq ki, bu hadisə Xətai rayonunda ilk dəfə təkrarlanmır. Artıq illərdir ki, rayondan gələn şikayətlərin böyük əksəriyyətinin ağacların kəsilməsi ilə bağlıdır. Mətbuatda yazılan məlumatlara görə bu cür işlərin birbaşa icra başçısı Razim Məmmədovun tapşırığı ilə həyata keçirilir. İcra başçısı artıq Xətaidəki ağac "soyqırım”larının birbaşa ölkə başçısının diqqətində olduğunu görərək, məsələyə operativ reaksiya verərək "jek” müdirini müdafiə etməyə çalışıb.
Bundan başqa Rasim Məmmədovun birbaşa tapşırığı ilə rayonun Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində, Vunq-Tau prospektində, Neapol dairəsi yaxınlığında, Telnov küçəsi, rayonun Xudu Məmmədov küçəsində hər kəsin gözü önündə ağacların kəsildiyi, yerlərinin isə milyonlar qarşılığnda iş adamlarına satıldığı qeyd edilir. Ağaclardan təmizlənən ərazinin bir hissəsində isə obyektlər və binalar tikilir.
Qeyd edək ki, prezident İlham Əliyev ötən gün Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olan zaman son dəfə məmurlara xəbərdarlıq etmişdi. Ölkə başçısı sözügedən ərazidə ağacları kəsən iş adamlarının və məmurların ciddi cəzalandırıldığını bildirmiş və məmurlara ağaclara qarşı diqqətli olmağa səsləmişdi.
Xətai rayonunda isə yaşıllığa qarşı başladılan soyqırım siyasəti ölkə başçısının açıqlamalarına baxmayaraq hələ də davam etməkdədir.