Nazlı ümidlərim - Universitet tələbəsi yazır...

Nazlı ümidlərim - Universitet tələbəsi yazır...
KÖŞƏ
15:10 26.03.2024
343
Hər zaman olduğu kimi coşqun düşüncələrlə sakitliyin qovuşduğu məkan... Dəniz kənarında oturub fikrə dalan balaca... Bəs niyə məhz dəniz kənarı? Dənizə yaxın hiss etdirən nə idi? O balaca kimi tanıdığımız uşaq nə fikirləşirdi?
 
Bütün bu suallarla sıralı cümlələrdə cavab tapacaqsınız. Gəlin balaca ilə tanış olaq. 

Ümid... Bəli, onun adı Ümiddir. Bu ad ona təsadüfən verilməyib, elə atasının söylədiyi kimi o ailəsinin gəmisinə ümid yelkəni oldu deyə bu adı seçmişdilər... Ümid atasından soruşduqda ki, adımın mənası nədir? Atası belə cavab verdi: 

-Oğlum, ümid inanmaqdır, bizi həyata küsməyə qoymayan ümiddir, ümid sevgi gətirir, ümid gözləməyə dəyər olduğu söyləyir sanki ümid həyat bağçasının gözəl ağaclarına, çiçəklərinə toxumdur. Ümid elə bizim yaradılışımızdır. Yaradan bizi sevir, oğlum. Ona görə biz buradayıq, yaxşı işlər görmək üçün, ümid olmaq üçün... İndi sən böyüyəndə lüğətlərdə ümid sözünün bir və ya bir neçə cümlə ilə qısa izahını görə bilərsən, lakin ümid izahlara sığmır. Qəlbinin döyünməsidir ümid. 

Ümidlərinə işıq ol, Ümidim! 

Atasını diqqətlə dinləyən 6 yaşlı Ümid onun söylədiklərini qələmə aldı, böyüyəndə yadımdan çıxsa, burdan oxuyaram dedi. Ümidin yanında həmişə dəftərçəsi olurdu, o hadisələri qeyd etməyi, onları təhlil etməyi və çox zaman niyələri öyrənməyə maraq göstərirdi. Nə olsun ki, 6 yaşı vardı, maraqlarını araşdırmaq ona daha maraqlı idi, nəinki daha çox əyləncə. Nə üçün suyun rəngi yaşıl deyil? Nə üçün ayağımızı məhz yerə qoyuruq? Niyə buludlar bizə şata bilmir? Bəs biz buluda çata bilərikmi? Torpaqla oynamağı, palçığa bulaşmağı sevirik kiçik yaşımızda, çünki sizdə belə olmusunuz, şəkillərinizi görmüşəm, ata. Həmdə deyirsiniz ki, babamdan soruşmuşdum bunu, torpaqdan yaranmışıq. Bəlkə ona görə torpaq bizə yaxın gəlir? İnsanlar niyə yaşadıqlarını bilmədən ölüb gedirlər qəribə gəlmir sizə də? O, birnəfəsə suallar yağışına tutaraq böyükləri də düşündürürdü, bəzən müəllimləri, valideynləri müəyyən qədərini cavablasa da, bəzi sualları yuxarı siniflərdə coğrafiya, kimya, fizika dərslərində və s. Öyrənəcəyini bildirsələr də, onun sualları içində cavabsız olanlar olurdu və ya sirlərdə gizlənən cavablar idi bunlar. Ümid də bu sirli dünyaya baş vurmaq istəyirdi. 

Bir gün məktəbdə belə bir mövzuda inşa yazmağı tapşırıq vermişdilər: Mən böyüyəndə hansı peşənin sahibi olacağam? Müxtəlif uşaqlardan müxtəlif cavablar var idi: Həkim, polis, yanğınsöndürən, müəllim, mühəndis, pilot və s. Ümidin vərəqində isə sadə bir kəlmə var idi: Ümid. 

Ümid dərslərini əla oxusa da, tənəffüsdə yaxınlaşıb müəllimlərinə suallar ünvanlasa da, əslində, dərs müddətində sakit, çəkingən idi. Uşaqlarla çox vaxt keçirməz və müəllimlərdən xahiş edib ən son partada bir küncdə oturardı. 

Bunu nəzərə alan müəllimi, tənəffüsdə onu yanına çağırır: 

-Niyə tapşırığını yazmamısan? 

-Yazmışam , - deyib Ümid qızardı. 

-Sadəcə adını yazmısan. 

-O mənim adım deyil, tapşırığın cavabıdır. Mən ümid olmaq istəyirəm, hələ gələcəkdə hansı peşəni seçəcəyimi, ya da hansı peşənin məni sevib özünə çəkəcəyini bilmirəm. Amma mən müəllim olsam uşaqların ümidi olacam, vəkil olsam haqqı tapdalanmışların ümidi olacam, rəssam olsam, təbiətin dostu, ümidi olacam, çünki ən gözəl rəsm təbiətdir. Prezident olsam xalqın, həkim olsam xəstələrin... Mən kim olsam, nəçi olsam, ümid olacam. 
Müəllim kövrəldi və yavaşca Ümidin başını sığalladı. Onu "5” ilə qiymətləndirdi. 

Ümid buna sevinmişdi, əslində, müəllim onun düşüncələrini bəyənmişdi. Axşam bunu mütləq ulduzuna danışacaqdı. Bəli, ulduzuna. O hər gecə pəncərədən boylanıb ulduzları seyr etməyi çox sevirdi, onunla fikirlərini bölüşürdü. İlk dostu ulduz idi. Bir gün otağında bərkdən ağlayırdı. Anası ona ən sevdiyi güldanı qırdığı üçün qəzəblənmişdi. Amma Ümidin ağlama səbəbi bu deyildi, o dərsdən gələndən dolmuşdu, fəqət ağlamağa macal tapmamışdı, sanki bu da ona ağlamaq üçün bəhanə oldu. 
 
Ertəsi gün anasına gül dərib gətirdi və anasını bərk qucaqladı: 

-Ana, məni bağışla. Mən səni incitmək istəmədim. O sənin ən sevdiyin güldan idi. 
Anası qəzəbləndiyinə peşman olub, onu öpdü: 
-Sən bağışla, oğlum, bir az əsəbi davranmışam. 
Sonra Ümid davam etdi: 
-Ana, bəs sevdiyimiz insanlar qırılanda və ya öləndə də sınan güldan qədər kədərlənərsən? 
-Ana qurban, belə şeylər fikirləşmə. Axı dedim sənə, qəzəbli deyiləm sənə. Səni çox sevirəm. 
-Ana, yox onu demirəm. Mənim sualım ona görədir ki, ən sevdiyim müəllim var haa... 
Ümid ağlamağa başladı. 
-Hə, oğlum, nə olub? 
-O, çox pis xəstələnib deyirlər. Əgər ona bir şey olsa heç vaxt görə bilməyəcəm onu? 

Elə bu dəqiqə zəng çaldı, bu zəng 4a sinfinin valideynlərindən idi. 4a-nın sinif rəhbəri Gülnur xanım rəhmətə getdiyi üçün sabah uşaqları dərsə gətirməyin.
 
Onlara deyin ki, müəlliminiz başqa yerə gedib. Bir az yorulub. 

Ümid bunları eşidib hönkürtü ilə ağlamağa başladı. Nurlu gülüşü olan Gülnur müəllim artıq olmayacaq...  

-İndi o öldü, onun ümidi də öldü? Ana? Axı niyə telefondakı qız sənə dedi ki, başqa yerə gedib deyəcəyik? Siz böyüklər niyə bizdən həqiqəti gizlədirsiniz? Axı niyə? 
Yox, yox ola bilməz. Elə o həqiqətən də başqa bir yerə gedib, yəqin başqa bir dünyaya, dünyadan köçüb ona görə deyirik sən demə... İndi anlayıram. 

Heç nə apara bilməsə də, ümidini götürüb gedib ki, davam edə bilsin. 
Yaxşı insanların ümidi ölməz. Pis insanlar da elə ümidləri öldükləri üçün pisdilər. Gülnur müəlliməyə onların qəlbində ümid qığılcımını alovlandıracağıma söz vermişəm. Mən sözümü tutacam və qəlbimdə daşıyacağam onu, heç kim qəlbimdən onu alıb apara bilməz. 

Anası Ümidi sakitləşdirməyə çalışdı. Oğlunun cümlələri ona çox təsir etmişdi, özü də ağlamamaq üçün özünü saxladı. 
 
"Atan gəlsin, səni gəzməyə aparsın” , -  deyəndə Ümid dilləndi:
 
-Gəzməyə yox, iş yerinə, gəmilərin yanına aparsın, dənizi görmək istəyirəm. Ana, çünki indi anladım ki, dəniz, bəlkə də insanların göz yaşıdır. Ona görə insanlara bu qədər yaxındır, onunla söhbətləşməyi, bəlkə də, buna görə sevirəm. 
Ulduz, dəniz və qələm... Bu 3-ü Ümidin böyüyəndə də dostu olaraq qaldı. 

Ümidin atası dəniz hərbçisi idi. Ümid atasından siz orada nə edirsiniz? , -  deyə soruşduqda vətəni dənizdə qoruyuruq demişdi. 

-Qorumaq? Kimdən? 
-Düşmənlərdən. 
-Niyə düşmənlər var ki? Hamı dostluğu görüb ona vurulsa düşmənlik də dostluğu sevməzmi? 
-Vaxt çatacaq sən də əsgər olub vətəni düşməndən müdafiə edəcəksən. 

-Ata, mən bunları bilirəm. Vətənimi də sevirəm. Amma deyirəm ki, Günəş bizlə düşmənlik edir heç? Yox, o işığı, istiliyi hamıya verir. Ağaclar meyvələrini hamıya verir. Təkcə biz insanlar hər şeyə sərhədlər çəkirik. Mən inanıram ki, heyvanlar aləmində bu tərəf mənim, o tərəf sənin deyə bölgü yoxdur. Hər yer hamının hamı da bir-birinə mehriban olsa nə olar ki? Hər səhər ümidli təbəssümlə yoldan keçəndə yaşlı babaya, süpürgəçi nənəyə salam vermək də düşməndən, pis duyğuların insan qəlbinə hakim kəsilməsindən qorumaq deyilmi? Ağac əkmək, ətrafı zibilləməmək özü də insanlar, təbiət, dünya, dünyada qismətimiz olan hissənin, yəni vətənin üçün çalışmaq deyilmi? Bəs insanlar niyə bunları elə-belə işlər sayır? Hər şey ümidi qorumaqdan başlayır. 
-Afərin, oğlum, qəlbindəki sevgini qoru. Bəzi suallarını isə yaşa dolduqca özün tapacaqsan. 
-Hardan bilirsən tapacam? Siz də axtarmısınız bu sualları? 
-Gec oldu, gedək evə. 
-Yaxşı, ata. Səni çox sevirəm, atacan. Suallarıma qəzəblənmədin ki? 
-Mən heç sənə qəzəblənə bilərəmmi, könlü təmiz olanım. 

Aylar, illər keçdi, Ümid böyük uğurlara imza atdı, olimpiadalarda birincilik qazandı, xaricdə ölkəsini təmsil etdi, nümunəvi şagird tələbə oldu. Yaxınlarına sevinməsinə, gələcəyinin parlaqlığına səbəb olan bu uğurlar onu tam olaraq ovundurmurdu. Fərqli düşüncələrimmi var yoxsa hər kəs bunları düşünür? , - deyə özünü sorğulayırdı bəzən. 

Həyat yolu dümdüz deyil, təbii ki, enişi olur, yoxuşu olur...Ümid də çətin günlər yaşamışdı. 3-cü kursda (hüquqşünaslıq üzrə təhsil alırdı) təhsil alarkən anası bərk xəstələnmişdi, həkimlər vəziyyətin ağır olduğunu söyləmiş, hətta 3 ay müddətə yaşamının sonlanacağını bildirmişdilər. Həmin gün Ümid sahildə ağlamışdı, o, bunu ağlamaq adlandırmırdı. Deyirdi ki, göz yaşlarına azadlıq verməkdir bu. Qəfildən ayağa qalxdı: 
-Xeyr, ola bilməz. Ümidlər ölməz! Ümidin sonu yoxdur! Həkimlər yanıla bilər. 

O, anasının yaxşı hiss etməsi üçün ümid çiçəyinin yenidən açması üçün əlindən gələni etdi. Bacardı, həkimlərin yanılması üçün bu qədər həyəcanla ümiddən əl çəkməmişdi. 

Sonra o, xaricdəki bilik yarışmasında qazandığı küllü miqdarda pula Ümid klinikası açdırdı. Burada uşaqların, xəstələrin, yaşlıların yaxşı  hiss etməsi, sağalacaqlarına ümidlərinin itməməsi üçün hər şey var idi. Divarlardakı rəsmlər təbəssüm yaradırdı çöhrələrdə. 

Bir gün bütün xəstəxanaların belə olacağına da ümid edirik... Ümid həmişə bura baş çəkdikdə müxtəlif insanlar tanıdı, onları sevdi, onlara bağlandı sanki. Həmin insanların içində bir uşaq var idi ki, o uşağa tamam başqa sevgisi yaranmışdı Ümidin. Bu qeyri-ixtiyari oldu sanki. 
Balacanın adı Xəyal idi. Xəyal xərçəng xəstəliyinə tutulmuşdu. 

Ümid onu əyləndirməyə çalışarkən bir dəfə uşaq dedi: 
-Kaş mənim adımı Xəyal qoymazdılar. 
-Niyə? Çox gözəl adın var, həm də sənə yaraşır.  
-Yox, sənin adın Ümiddir, ümidlisən, Mübariz İbrahimov adı kimi mübarizdir, Polad Həşimov polad kimi dözümlü idi... Demək adın insana təsiri var. Əgər mən xəstəlikdən ölsəm hər şey xəyal olaraq qalacaq. 
-Bu belə deyil, əgər xəyal edə bilməsək ümidli ola bilmərik, ümidli olmasaq xəyal edə bilmərik. Xəyalı əhəmiyyətsiz görmə. Ən böyük uğurlar bir addımla başlayır bu addım da xəyal etməkdən keçir. 
-Həə, indi başa düşdüm. Atam mənə deyərdi ki, heç nə təsadüfi deyil, hər şeydə bir xeyir, hikmət var. O vaxt tam anlamamışdım. Amma indi bilirəm ki,sizlə mən təsadüfən qarşılaşmamışıq mən sizin ümidinizə xəyal, siz mənim xəyalıma ümid olacaqsınız. Mən sapsağlam olacağam! Sizlə də əbədi dost olacağam! 

-Bəli, ən gözəl xəyallar gerçəyin olacaq. Biz bacaracağıq. Sevgi ilə əbədiyyəti də qazanacağıq! 

Ümidin həftəsonları ziyarəti xəstələrə çox yaxşı təsir göstərir onların sağalmasını tezləşdirir və asanlaşdırırdı. Hətta həkimlər qısa zamanda Xəyalın sağalacağını bildirmişdilər. Xəyalın valideynləri Ümidə minnətdar idilər. Amma Ümid təşəkkürlərdən qaçırdı, borcumdur, bəs nə üçün çalışırıq? Ümid ola bilmək üçün deyib çox təşəkkür etməklərinə ehyiyac olmadığını bildirirdi. 
Baxmayaraq hüquq təhsili alırdı, o bir çox sahələrdə uğurlu idi. 
Hər zaman yeni bir şey öyrənməyi sevirdi, elə öyrətməyi də. 
Çünki o, inanırdı k, hər kəsdən, hər şeydən nəsə öyrənmək olar. Ağzacdan, yağışdan, aydan, ulduzdan, arıdan, həşəratlardan, hər şeydən... Öyrənmək eşqi qəlbinə hakim kəsilmiş hər kəsin eşqi müqəddəsdir! 

Yay tətillərində ucqar kəndlərə gedər, məskunlaşar, oradakı uşaqların maariflənməsi, həyatdan zövq alması üçün əlindən gələnin də artığını edərdi. Bir insan öyrətməkdən zövq alırsa əlindən gələnin artığını da edir. Nəyi sevirsə onun üçün son damlasına qədər çalışmağa hazır olur. O burada çoxlu xəyallarla, arzularla tanış oldu. Onlara ümid verdi. Onlardan öyrəndi, əyləndi, sevdi, yaşamağa dəyər hisslər yaşadı. Bu diyardan savadlı, işinin mütəxəssisi olacaq insanların çıxacağına əmin idi. Belə də oldu, zaman keçdi, onların dostluğu davam etdi. Məhəllələrinə öz aralarında ümid dostluğu adını vermişdilər. 
Təhsilini davam etdirmək istəsə də, əvvəlcə hərbi xidməti bitirim sonra davam etdirərəm deyə düşündü. Bu vaxt atasının vaxt çatacaq sən də vətəni qoruyacaqsan sözü yadına düşdü. Əsgərlik həyatında da yeni bir şeylər öyrəndi, yeni dostluqlar qazandı. Əlinə avtomatı alan gün beynində belə bir cümlə dolaşdı: Dünyanı avtomatla xilas etmək olmaz. Ədəbiyyatla dəyişmək olar, insanların təfəkkürünə, duyğularına təsir etmək olar. Ədəbiyyatın cazibəsi də yeni bir cazibə qanunu yaradar.  Boş vaxt tapdıqda, əsgərlikdə, xidmətdə boş vaxt dediyimiz yalnız istirahət saatlarında olur. Həmin zamanlarda qısa istirahətini yazmaqla keçirirdi, bir gün böyük, təsirli əsər yazacağına ümidli idi. Qələm dəftəri isə komandiri onun üçün təşkil etmişdi. 

Ümidin böyüyü, kiçiyi olmur, ümid, sevgi kimi anlayışlar ölçülmür. Kiçik yaşlarından böyüklərin ünvanladığı suallar, məsələn "Kimi nə qədər çox istəyirsən?” sualı çox istəməyin ölçülə biləcək duyğu olduğu kimi yanlış təsəvvür yaradır. Baş verən müharibələr, cinayətlər və s. Belə barışın dünyanı bürüyəcəyi günə inamın sönməsinə izin vermirdi. 

Bir gün komandir öz təcrübəsindən bəhs edərkən Ümid dilləndi: -Peşəkarsınız, hər zaman sizə hörmətimiz var. Amma belə bir sual verəcəm, təcrübə anlayışı nəyi ifadə edir? -Bir işdə və s. Daha yaxşı olmaq, təcrübəli olmaq. -Ona görə soruşmurdum. Məsələn biz uşaqlardan daha təcrübəliyik? 
-Əlbəttə. 
-Xeyr, məncə təcrübə elə böyüklər kimi zəif cəhətlərini gizlətmək yox, olduğun kimi görünmək, olmaqdır. Yanlışlar edərək öyrənməkdir. Səhvsizəm demək deyil. 
Bütün heyət onu maraqla, diqqətlə dinlədi, səmimi fikirlərini bölüşdüyü üçün komandir ona təşəkkür etdi. 

Xidməti bitirdikdən sonra evə döndükdə onu qarşılamağa Xəyal, ucqar kəndlərdəki yoldaşları da gəlmişdi. Bu zaman Ümidin sevincdən gözləri doldu. Bu anı heç vaxt unutmadı. 

Nə olur olsun ümid edəcəkdi, inanacaq və dünyaya qucaq açıb sevəcəkdi. 

Həyatının daha da maraqlı anları Nazlı ilə tanış olduqdan sonra oldu. Onu tanıdıqdan sonra yazdığı əsərə nə ad verəcəyini tapdı. 

Nazlı ümidlərim... 

Bu ümidlərin nazını çəkmək şərəfdir. 

Rəhimə Dövlətova, BDU-nun Filologiya fakültəsinin tələbəsi
OXŞAR XƏBƏRLƏR