Nə gündəsən Azərbaycan dərsliyi?
Jurnalistika zamanı təqib edir, zamanla ayaqlaşır. Ən son baş verənləri, ən son yenilikləri jurnalistlər vasitəsilə öyrənirik. Bəs görəsən jurnalistlər jurnalistikanı necə öyrənirlər?
Əslində bunun cavabı hamıya aydındır: dərsliklər vasitəsilə. Lakin dərsliklər olmadığı üçün bu sualın cavabını tapmaq bir az qəlizləşir. Dövrümüzdə jurnalistikaya aid dərsliklər yox səviyyəsindədir. Bir neçə dərslik var ki, onlar da SSRİ vaxtından qalıb. Hər dəfə kitabın ilk səhifəsini açanda kitab bizi markisizim, leninizm ənənələrini qorumağa, sadiq qalmağa və partiyanı təbliğ etməyə çağırır.
Təbii ki, biz də çaşıb qalırıq ki, görəsən biz sosializm dövründəmi yaşayırıq? Kommunist partiyasına niyə xidmət etməliyik? Amma az sonra hər şey aydınlaşır. Kitabın buraxılış tarixinə baxdıqda 1971, 1973,1983, 1987 və. s illəri görəndə sual işarələri cavab tapır. Məsələ məlumdur. 2011-ci ilin tələbəsi SSRİ vaxtından qalmış kitablarla təhsil alır. Əslində 5 il öncənin dərsliyi bugünkü jurnalistikanı əhatə etməsə belə, biz nəinki 5 il öncənin dərsliyinin, hətta ana və atalarımızla yaşıd olan dərslikləri oxuyuruq. Sonra da bir məqalə yazanda deyirlər ki, yenilikçi olun, qırx il əvvəl necə yazırdılar siz də elə yazırsız, müasir dövrlə səsləşə bilmirsiniz. Axı bu tələbə-jurnalist necə müasir dövrlə səsləşsin ki, oxuduğu kitablar 70-80- ci illərdən qalmadır?! Amma nə faydası? Gəl bunu redaktora başa sal görüm necə başa salırsan?!
Amma nəzərə alsaq ki, yeni dərsliyimiz yoxdu, gərək əlimizdə olana da şükür edək. Çünki son dövrdə çıxan yeganə dərslik BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədlinin kitabıdır ki, burada da nə axtarsan tapmaq olar. Birinci kurs da bundan istifadə edir, dördüncü kurs da. Elə biri mən özüm. İki ildir tələbəyəm, iki ildir də elə o kitabı oxuyuram. Bunun səbəbini özündən soruşduqda isə kommersiya məqsədilə belə bir kitab hazırladığını özü etiraf edir.
“Yaxşı ki, bir neçə dərs vəsaitimiz var”- deyə tam da sevinmək istəyirdik ki, gördük burada da nə isə əmma var. Bir az axtardıqdan sonra məlum oldu ki, sən demə bu dərs vəsaitləri rus nəzəriyyəçilərinin jurnalistika dərsliklərindən tərcümələr imiş. Yəni müasir deyimlə Copy- Paste. Hətta bəzi müəlliflər kitabı neçə il sonra tərcümə etdiyinə fikir verməyi də unudublar. Məsələn, “Komsomolski Pravda” qəzetinin çoxdan reytinqinin düşməsinə baxmayaraq ondan ən reytinqli qəzetmiş kimi danışılır. Söhbət Zaur Babayevin KİV-in texnika və texnologiyası fənnindən qəzet işinə aid dərsliyindən gedir.
Bunun səbəbini axtara-axtara getdik çıxdıq müəllimlərimizin yanına. Sən demə, müəllimlərimizin kifayət qədər müasir dərslikləri var imiş, amma bunu çap elədirməyə yerləri yox imiş. Yer deyəndə ki, elə fakültəmizdən bir neçə mərtəbə aşağıda Universitetin nəşriyyatı yerləşir. Lakin orada da kitab çap etmək üçün gərək növbəyə durasan. Bu gün növbəyə dursan 3-4 il sonra növbən gəlib çatar. Bunu eşidəndən sonra qərara gəldim ki, deyəsən yeni dərslikləri oxumaq bizə qismət olmayacaq. Bəlkə nəvə, nəticələrimizə qismət olar. Nə də olsa, hələ müəllimlər bizə “Gözləyin, yaxında yeni kitabımız çıxacaq” deməyib. Bundan sonra isə növbəyə dursalar, kitablar ancaq bir neçə il sonra oxuyan tələbələrə çata bilər. Olsun. Bizdən sonra gələn tələbə-jurnalistlər heç olmasa, internet jurnalistika, bloggerlik və.s öyrənər. Biz praktiki cəhətdən özümüz öyrənməyə alışmışıq nə də olsa.
Hər il dərslər başlananda “Müəllimlər yenə toz basmış mühazirə mətnlərini gətirərək, saralmış vərəqlərdən oxuyacaqlar”- deyə taleyindən şikayətlənən tələbə-jurnalistləri görəndə isə ağlıma bir sual gəlir. Nə gündəsən Azərbaycan dərsliyi?!
Ülkər Eldarqızı
BDU Jurnalistika fakültəsinin tələbəsi