Son günlər bank kartlarından vəsaitlərin oğurlanması ilə bağlı şikayətlərin artması ictimai narahatlıq yaradıb. Vətəndaşlar kart məlumatlarının ələ keçirilməsi, hesablarından icazəsiz tranzaksiyaların aparılması və bank təhlükəsizlik sistemlərinin necə işlədiyi ilə bağlı suallarla üzləşirlər. Kibercinayətkarlığın artması fonunda həm maliyyə qurumlarının, həm də istifadəçilərin təhlükəsizlik tədbirlərini gücləndirməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov AZXEBER.COM-a deyib ki, bank kartlarından oğurluq hallarının artması insanların rəqəmsal maliyyəyə keçid tempinin təhlükəsizlik vərdişləri ilə paralel inkişaf etmədiyini göstərir:
"Bank kartlarından oğurluq hallarının artması insanların rəqəmsal maliyyəyə keçid tempinin təhlükəsizlik vərdişləri ilə paralel inkişaf etmədiyini göstərir. Fırıldaqçılar sosial mühəndislik, fişinq linkləri, saxta zənglər və skimming cihazları vasitəsilə məlumat əldə edirlər. Kart sahibləri mütləq ikiaddımlı doğrulama aktiv etməli, SMS-lə göndərilən kodları heç kimlə bölüşməməli, şübhəli linklərə daxil olmamalı, eləcə də POS terminallarında ödəniş zamanı kartı nəzarətdən kənarda qoymamalıdırlar. Onlayn alış-verişdə isə yalnız tanınmış saytlardan istifadə etmək, virtual kart tətbiq etmək və birdəfəlik limit məhdudiyyəti qoymaq ən təhlükəsiz üsullardandır”.

Ekspert bildirib ki, bank sistemlərinin zəif görünməsinin əsas səbəbi isə təhlükəsizlik mexanizmlərinin hücum texnikalarının sürəti ilə eyni templə yenilənməməsidir:
"Fırıldaq metodları dəyişdikcə müdafiə alətləri də dinamik olmalıdır. Banklar davranış analitikasını, süni intellekt əsaslı tranzaksiya monitorinqini və risk əsaslı autentifikasiya sistemlərini daha geniş tətbiq etməli, eyni zamanda müştəri maarifləndirilməsi birinci səviyyəli təhlükəsizlik xətti kimi qəbul edilməlidir. Təhlükəsizlik yalnız sistemin yox, həm də istifadəçinin bilik səviyyəsinin cəmidir, bu ikisi paralel güclənməsə rəqəmsal mühitdə risklər qaçılmaz qalacaq”.
Şahanə Ziyad










































