Neft bahalaşır: İran gərginliyi Azərbaycanın enerji sektoruna necə təsir edəcək?

Neft bahalaşır: İran gərginliyi Azərbaycanın enerji sektoruna necə təsir edəcək?
İQTİSADİYYAT
17:21 13.03.2026
312
İran ətrafında gərginliyin uzanması Avropa İttifaqının enerji idxalını şaxələndirmək səylərini gücləndirə və bu proses Azərbaycanın enerji sektoruna investisiyaların artmasına səbəb ola bilər. Böyük Britaniyanın "Oxford Economics” analitik mərkəzinin qiymətləndirməsinə görə, neft və qaz qiymətlərinin yüksəlməsi hidrokarbon ixrac edən ölkələrin -Azərbaycan, Rusiya və Qazaxıstanın ixrac və büdcə gəlirlərinin artmasına gətirib çıxara bilər. 

İqtisadçı Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında deyib ki, Hörmüz boğazının bağlanması ilə bağlı risklər qlobal iqtisadiyyatda ciddi şoklara səbəb olur:

"Körfəzdə və Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə də Hörmüz boğazının bağlanması ilə bağlı risklər qlobal iqtisadiyyatda ciddi şoklara səbəb olur. Bu proseslər bir çox istiqamətlərdə mənfi nəticələr yaratsa da, bəzi ölkələr üçün müəyyən fürsətlər də formalaşdırır. Məsələn, belə vəziyyət Rusiyaya müəyyən üstünlüklər qazandıra bilər. Rusiyaya qarşı tətbiq olunan embarqo, Körfəzdə nəqliyyat marşrutlarının məhdudlaşması neftin qiymətinin kəskin artmasına gətirib çıxarır. Bu şəraitdə ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı müəyyən siqnallar da səsləndirilir.

Sanksiyalar rəsmi şəkildə yumşaldılmasa belə, neft qiymətlərinin yüksəlməsi Rusiyaya əlavə imkanlar yaradır. Yəni Rusiyanın həm ixrac həcmlərinin, həm də dövlət büdcəsi gəlirlərinin artmasına səbəb olur”.

O qeyd edib ki, Rusiyanın neft ixracı Azərbaycandan çoxdur:

"Rusiyanın neft ixracı Azərbaycandan çoxdur. Bu həm həcm, həm də dəyər ifadəsində özünü göstərir. Eyni zamanda Qazaxıstan da bu istiqamətdə müəyyən üstünlüklərə malikdir.
Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, Azərbaycanın neft ixracı 2025-ci ildə cəmi 23 milyon ton təşkil edib. Halbuki 2010-cu ildə bu göstərici 50 milyon tondan artıq idi. Yəni təxminən iki dəfə azalma müşahidə olunur.
Neft hasilatı və ixrac həcmi yüksək olan ölkələr üçün qiymət artımının effekti daha böyük olur. Lakin ixrac həcmi nisbətən aşağı olan ölkələr üçün və mövcud müqavilə şərtlərindən asılı olaraq bu təsir fərqli ola bilər. Buna görə də Azərbaycanla Rusiyanı eyni iqtisadi çərçivədə və eyni miqyasda müqayisə etmək düzgün deyil”.

İqtisadçı bildirib ki, Neft qiymətlərinin artması qlobal inflyasiyanın yüksəlməsinə səbəb olur:

"Neft qiymətlərinin artması qlobal inflyasiyanın yüksəlməsinə də səbəb olur. Azərbaycan idxaldan asılı ölkə olduğu üçün bu proses daxili bazarda qiymət artımlarına gətirib çıxara bilər. İnflyasiyanın yüksəlməsi isə növbəti illərdə müxtəlif sosial ödənişlərin indeksasiya səviyyəsinin artırılmasına səbəb olur ki, bu da dövlət büdcəsinə əlavə yük yaradır. Yəni ümumilikdə bu proseslərin Azərbaycan üçün də müəyyən müsbət tərəfləri var”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR