"Neftçi" fanatlarından baş məşqçiyə cavab: "Onu göndərdiyimiz kimi, səni də göndərəcəyik"

"Neftçi" fanatlarından baş məşqçiyə cavab: "Onu göndərdiyimiz kimi, səni də göndərəcəyik"
TOP4
16:25 06.04.2017
1505
 Xəbər verdiyimiz kimi, "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev azarkeşləri təhqir edib.
 
AZXEBER.COM-un məlumatına görə, o "Forza Neftçi" fan-klubunun üzvlərinə xuliqan və futboldan anlayışı olmayan deyib. Azarkeşlərin də klub rəhbərliyinə cavabı gecikməyib. Fan-klubun bəyanatını təqdim edirik:
 
"Bizi azarkeş hesab etməyən çox hörmətli Elxan müəllim başda olmaqla, 80 illik bir tarixi olan, Azərbaycan futbolu deyəndə ağıla ilk gələn klubun bu halda olmağında əməyi keçən hər bir kəsə Forza Neftçi Azad Azarkeş Qrupunun adından, daha doğrusu ömrünü Neftçiyə həsr etmiş "qeyri-azarkeşlər”in adından; İl 2014, Neftçi – Partizan, Avropa Liqası pley-off mərhələsi cavab qarşılaşması. Tarladan fərqi olmayan Tofiq Bəhramovda Neftçinin Partizan tərəfindən məğlub edilməsini görmək heç də xoş deyildi. Daha sonra yeni sezon başladı. Neftçinin oyununda kəskin bir düşüş görsənirdi, lakin yanında hər gün daha da böyüyən Forza Neftçi var idi. Bəli, Elxan müəllim, bu o həmən Forza Neftçidir ki, 2009-cu ildə 7 nəfərlə başlamışdı. Lakin çox qısa bir müddətə artıq ölkədə lider azarkeş qrupuna çevrildi. İl 2015, fevral ayının 15-i, Qəbələ - Neftçi oyunu. Bir avtobus Neftçi azarkeşi, Qəbələnin şaxtasına baxmayaraq cibindən qəpik quruşları bir araya gətirib yola düşdü Qəbələyə. İlk hissəni 1-0 hesabı ilə məğlub bitirdik. İkinci hissənin 50-ci dəqiqəsində, Qəbələnin -5 dərəcə soyuğunda məşalələr yandı və ya sizin dilinizlə desək Forza Neftçi xuliqanlığa başladı, Qəbələ şəhərinin dumanına duman qatıldı. Neftçi ondan sonra 3 qol vurdu və həmin 3 qolun asistini biz azarkeşlər elədik. Oyundan sonra komanda dumanlı hava şəraitinə görə beş ulduzlu oteldə qalıb kef eləyəndə, bizlər canımızla qumar oynayıb gecə Bakıya qayıtmışıq. İki saat da yer altı keçiddə uzanıb metronun açılmağını gözləmişik. Yenə həmin ilin 3 iyununda yenə eyni şəhərdə kubok finalında Qarabağa məğlub olduq, Neftçi ilk hissəni 2-0 məğlub bitirəndə ac-yalavac çörəyini, suyunu bir birilə bölən xuliqanların gözləri ağlamaqdan qıp-qırmızı qızarmışdı.
 
Neftçiyə olan sevgimiz o qədər böyük idi ki, tərk etmədik, komanda meydanda məğlub olduqca, biz rəqiblərimizi tribunada məğlub edirdik. İl 2016, Əsgər Abdullayevin başçılığı altında, can verən Xəzər Lənkəranı illər sonra Lənkəranda məğlub edən, can verən Neftçi və onu tərk etməyən Forza Neftçi "qeyri azarkeş” qrupu. İlin ortasında onu göndərib sizdən qabaq Neftçiyə rəhbərlik edən Vəli Qasımovu gətirdilər posta. Neftçi get gedə daha da batırdı. Amma bu uşaqlar - yeri gəlmişkən sizin "14-15 yaşlı” dediyiniz uşaqların əksəriyyəti tələbədir və ya işləyir, çoxu da ailə dolandırır – yemək-içməklərindən kəsib Gəncəyə, Qəbələyə səfər pulu toplayıb hər yerdə Neftçini dəstəkləməyə davam ediblər. Bəli, bu həmin o uşaqlardır ki, sizin bəyənmədiyiniz, azarkeş olaraq saymadığınız o uşaqlardır ki, hal hazırda ardıcıl 5-6 qələbədən sonra peyda olan Neftçi "azarkeşlərindən” fərqli olaraq yağış, qar, isti, soyuq, palçıq demədən ürəklərində olan Neftçi sevgisilə, ac-yalavac Neftçinin izi ilə gediblər. Bu həmən o Forza Neftçi uşaqlarıdır ki, səfərə gedəndə bir peraşkini on yerə bölüb yeyiblər, çörəklərini, sularını bölüşüblər. Siz isti avtobusunuzda, isti otaqlarınızda oturub kefinizi çəkəndə biz soyuq depolarda kareografiyalarımızı çəkib, bannerlərimizi yazmışıq. Qəbələdən Bakıda səkkiz top buraxanda da yanında olmuşuq komandanın, Dalğa Arenada Azala məğlub olanda da və indi də yanındayıq, bundan sonra da yanında olacağıq.
 
Həmən o Vəli Qasımov iyul ayının 22-si Neftçi Şkendiya səfərindən uğursuzluqla qayıtdıqdan sonra ona etirazını bildirməyə gələn və istefaya səsləyən azarkeşlərə "Siz yaxşı azarkeş deyilsiz” dedi. Vəli Qasımov hal-hazırda yoxdur, amma Forza Neftçi daha da böyüyüb və Azərbaycan tribunasının ağasına çevrilib. Siz də Vəli Qasımovun buraxdığı səhvi buraxdınız.
 
Vəli Qasımovu komandadan göndərdiyimiz kimi sizi də göndərəcəyik, biz isə aid olduğumuz yerlərdə - tribunalarda qalacağıq".
OXŞAR XƏBƏRLƏR