'Neftçi'nin baş məşqçisi: 'Təəsüflər olsun ki, belə hakim hələ də yaşayır'
İDMAN
15:53 23.04.2012
1847
“Neftçi” klubu futbol üzrə Unibank Premyer Liqasının XXIX turunda “Xəzər Lənkəran”la keçirdiyi səfər matçının hakimliyindən narazı qalıb. Flaqmanın baş məşqçisi Böyükağa Hacıyev komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatan qarşılaşmadan sonra baş hakim Elçin Məmmədovun ünvanına ittihamlar səsləndirib. O deyib: “Təəssüf edirəm ki, Elçin Məmmədov kimi hakim hələ də yaşayır, Azərbaycan futbolunda belə birisi var”. Hacıyevin köməkçisi Tərlan Əhmədov və futbolçular isə daha ətraflı danışaraq, referidən narazı qaldıqları məqamları açıqlayıblar. Əhmədovun fikrincə, Məmmədov qərəzli qərarlarla yadda qalıb: “İstəməzdik ki, “Xəzər Lənkəran”la oyunumuz qərəzli hakim qərarları ilə yadda qalsın. Amma təəssüf ki, belə oldu. Bir neçə epizodda hakim rəqib futbolçuların kobudluğuna göz yumdu. Nəticədə Flavinyoya səbəbsiz yerə sarı vərəqə göstərdi. Özü də o bilirdi ki, bu vərəqə Flavinyonun növbəti matçı buraxmasına səbəb olacaq. Ümumiyyətlə onun qərarları komandamızın gələcək oyunlarına mənfi təsir edəcək. Buna qədər Elçin Məmmədov “Bakı” və “İnter”lə oyunlarımızı idarə etmişdi. Həmin qarşılaşmalarda da qərəzli qərarları ilə yadda qalmışdı. Belə hakimlik klublarımız arasındakı münasibətlərə də pis təsir edir”. Flavinyo isə rəqib futbolçuların kobudluğuna baş hakimin göz yummasından şikayətlənib: “Oyunun gərgin alınacağını bilirdik. Qələbə qazansaydıq, çempionluğumuzu vaxtından əvvəl rəsmiləşdirəcəkdik. Lakin ilk dəqiqələrdən hakim birtərəfli qərarlar verməyə başladı. Rəqib futbolçular mənə qarşı çox kobud oynayırdı. Bütün matç ərzində məni “sındırmaq”la məşğul idilər. Hakim də buna hər dəfə göz yumurdu. Hətta mənə qarşı kobudluqdan sonra yıxılsam da, Elçin Məmmədov simulyasiya etdiyimi əsas gətirərək mənə sarı vərəqə göstərdi. Nəticədə növbəti görüşdə meydanda olmayacağam. Bu hakim “Bakı” ilə qarşılaşmada da mənə qarşı rəqibin açıq-aşkar kobudluğu görməzliyə vurmuşdu. Mənə elə gəlir ki, buna son qoyulmalıdır”. Ruslan Əmircanov isə baş hakimin demək olar ki, bütün qərarlarının “Xəzər Lənkəran” lehinə verildiyini iddia edib: “Oyundan iki epizodu misal çəkirəm. Birində rəqib futbolçu baş hakimin gözü qarşısında əllə oynayır. Elçin Məmmədov qayda pozuntusunu qeydə alsa da “Xəzər Lənkəran”ın futbolçusuna sarı vərəqə göstərmir. Digər epizoda isə Flavinyonu yıxsalar da, sarı vərəqə onun özünə göstərilir. Məncə, bu iki epizod Elçin Məmmədovun qərəzli olduğunu demək üçün kifayətdir”.