‘Neftçi’nin baş məşqçisi ‘Xəzər Lənkəran’a söz atdı

İDMAN
10:05 03.02.2014
1692

"“Xəzər Lənkəran”ın Bakıda “Qarabağ” kimi güclü komandaya qalib gəlməsi bizi növbəti oyuna daha da toparlanmağa vadar edir"

Topaz Premyer Liqasının 19-cu turunun “Neftçi” – “Simurq” qarşılaşmasında paytaxt təmsilçisi 3-0 hesabı ilə qalib gəldi. AZXEBER.COM-un PFL-in saytına istinadən məlumatına görə, “Ağ-qaraların” qələbə qolları ikinci hissədə əvəzetmədən daxil olan oyunçuların aktivindədir. Oyun sonrası keçirilən mətbuat konfransında baş məşqçilər qarşılaşma barədə fikirlərini bildirib “Simurq” klubunun baş məşqçisi Giorgi Çixradze məğlubiyyətə yetirmələrinin kobud səhvlərinin səbəb olduğunu bildirib: “Fasilədən sonra uğurlu nəticə əldə edə bilmədik. İlk hissədə çox yaxşı oynadıq. Lakin ikinci hissədə kobud səhvdən sonra qapımızda qol gördük. Komanda ruhdan düşdü, toparlana bilmədi. Oyunumuzu itirdik, məğlub olduq. İlk hissəyə baxanda məğlub olacağımız ağlıma gəlməzdi. “Neftçi” ölkə çempionudur, güclü komandadır. Fasilədən sonrakı oyunlar həmişə çətin olur. Növbəti oyunda müəyyən dəyişikliklər olacaq”. “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev növbəti turda qarşılaşacaq əzəli rəqibləri "Xəzər Lənkəran"a ilişib: “Dünən rəqibimizin xal itirməsindən maksimum yararlanmalı idik. Komanda oyuna başqa cür hazırlaşmışdı. Məğlub olmağa haqqımız yox idi. Hiss olunurdu ki, komanda hələ tam istədiyimiz formada deyil. İkinci hissədə komanda rəqibi bütün göstəricilərdə üstələdi. Meydanda yalnız bir komanda var idi – “Neftçi”. Əvəzləmələr yerinə düşdü, iki oyunçu 3 qol vurdu. “Neftçi” hazır maşın kimidir, işə sal, get. Bahodır Nasimov iki mövsüm öncə çempionatın ən sərrast futbolçusu olub. Ona inanıram. Bu gün hava qarışıq idi, meydan ağır idi. O, ilk hissədə rəqibi yordu, Nfor isə çıxıb iki qol vurdu. “Xəzər Lənkəran”ın Bakıda “Qarabağ” kimi güclü komandaya qalib gəlməsi bizi növbəti oyuna daha da toparlanmağa vadar edir. Mənim vaxtımda “Neftçi” həmişə qalib gəlib. Mustafa Denizli türk dünyasının görkəmli məşqçilərindəndir, böyük qardaşımızdır. Meydanda kim güclüdürsə, o da qalib gələcək. Redniklə aramızda bir həssalıq var idi, onun “gəmi”sini batırdım. Heyətlə bağlı problemimiz yoxdur, zədəli futbolçuları əvəz edəcək oyunçularımız var. Meydanda can qoyan, dediklərimi edən futbolçu ilə dostam. Oynamayan isə cəzasını alacaq”.

OXŞAR XƏBƏRLƏR