“Neftçi”yə 10 qol vurmaq istəyirdik” – “Turan Tovuz”un futbolçusu

İDMAN
13:55 08.05.2023
239

Azərbaycan Kubokunun yarımfinalında "Neftçi”yə son dəqiqələrdə buraxılan qollarla məğlub olan "Turan Tovuz”un "ağ-qaralar”la oyuna fərqli motivasiya ilə çıxacaqları bəlli idi. Çünki bölgə təmsilçisi kubok görüşündə yaxşı mübarizə aparsa da, istədiyi nəticəni qazana bilməmişdi.

Bu səbəbdən də Tovuzda "Neftçi”nin işi asan olmayacaqdı. Elə komandanın baş məşqçisi Laurentsiu Regekamf da oyundan sonra ağır matç olacağını əvvəldən təxmin etdiyini etiraf etdi.

Ancaq Rege hər şeyin fərqində olsa da, komandası "Turan Tovuz” səfərinə heç nə edə bilmədi. Nəticədə "Neftçi” tarixə keçəcək daha bir ağır zərbə aldı.

Qarşı tərəfdə isə hər şey fərqli idi. Bakıdakı kubok məğlubiyyəti onların bu oyuna hazırlanması üçün yetərli səbəbdi. Tovuz klubu dünən yalnız nəticədə yox, hər şeydə "ağ-qaralar”dan üstün idi. Bölgə klubu sağlı-sollu hücumlarla rəqib qapısına yüklənir, meydanın mərkəzində, cinahlarında ölümünə mübarizə aparırdı. Elə bu səbəbdən də "Neftçi”ni darmadağınla məğlub etməyi bacardı (4:0).

"Turan Tovuz”un dünənki oyundakı qəhrəmanlarından biri də Roderik Miller idi. İlk hissənin sonlarında zədələnib çıxan panamalı ona qədər işinin öhdəsindən layiqincə gələ bilmişdi. Matçın 21-ci dəqiqəsində komandasının ikinci qolunu vuran 31 yaşlı futbolçu ilk yarıda kifayət qədər yaxşı təsir bağışladı.

Tarixi qələbənin iştirakçısı olan Miller təsüratlarını idmanxeber.az saytı ilə bölüşüb. O, bu qələbənin 3 xal baxmından və motivasyia üçün çox vacib adlandırıb:

"Neftçi” ilə oyunda kubokda məğlubiyyətin acısını çıxmaq lazım idi. İnanın ki, onlara 10 qol vurmaq istəyirdik. Bu, futbolun gözləlliyi, rəqabətidir. Belə yarışlar inkişaf üçün çox vacibdir. Klub böyüyür, futbolçular isə təcrübə qazanır”.

O, ölkə kubokunda "ağ-qaralar”a məğlub olmalarından da söz açıb:

"Həmin görüşdə biz çox itaətkar oynadıq, müdafiə olunmaq istəyirdik. Düşünürəm ki, onlara top vermək ən böyük səhvimiz idi. Çünki rəqib böyük klubdur. Bizə qarşı çox təzyiq etdilər, davamlı müdafiə olunmaq asan deyil. Təəssüf ki, bunun sonunda da vəziyyət onların xeyrinə dəyişdi. Qazanılan cərimə zərbəsi qolla nəticələndi.

Dünənki qələbə isə futbolun şirin qisaslarından biri idi. Ancaq inanın ki, biz də kubokun finalında oynamağa layiq idik. Dzüdür, artıq bunu unutmaq lazımdır. "Neftçi” ilə oyun isə həmişə bizim üçün final olacaq”.

Panamalı oyunçu zədəsi səbəbindən dünənki görüşü tamamlaya bilmədi. O, durumunun çox da ciddi olmadığını açıqlayıb:

"Qabırğamdan zərbə aldım. Bu, qaçmağıma mane oldu və 90 dəqiqə meydanda qala bilmədim. Allaha şükürlər olsun ki, MRT-nin nəticəsi müsbət çıxdı, heç bir sınıq yoxdur. Ona görə də sağalma müddətim çox çəkməyəcək”.

Tovuz klubuna martda qoşulan 31 yaşlı futbolçu adaptasiya porbleminin olmadığını və Premyer Liqanın çox gərgin keçdiyini bildirib:

"Düşünürəm ki, ölkəyə tez uyğunlaşa bildim. Karyeramda bir neçə fərqli klublarda oynadığım üçün belə problem yaşamıram. Çempionatın səviyyəsi də çox xoşuma gəlir. Kifayət qədər yaxşı oyunlar gedir. Bu da futbolu daha güclü və cəlbedici edir”.

"Turan Tovuz”la 3 ay +1 illik müqavilə bağlayan Miller gələcək karyerası ilə bağlı da danışıb. O, mövsüm sonunda bu bərədə daha dəqiq fikir bildirəcəyini vurğulayıb:

"Mövsüm bitdikdən sonra karyeram üçün ən yaxşı qərarı verməyə çalışacam. Gələn ay bütün diqqətlərim milli komandada olacaq. Bu müddətdə öz variantlarıma baxa bilərəm. Hər şeyi addım-addım düşünürəm. Düzdür, indi tətillər gələcək, amma mən istirahət etməyəcəm. Çünki o vaxt milli komandada olacağam.

Ancaq onu vurğulayım ki, əgər bütün danışıqlar yaxşı nəticə ilə yekunlaşsa, təbii ki, mən Tovuzda qalaram. Buna heç bir şübhəm yoxdur. Agentim bunu müəyyən etmək üçün danışıqları aparacaq”.

OXŞAR XƏBƏRLƏR