Dünya bazarlarında neftin kəskin ucuzlaşması prosesi davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas neftinin (WTI) qiyməti sonuncu hərraclarda 1 barelə görə, 47,01 dollar təşkil edib. London birjasında Brent markalı neftin 1 barelinin dəyəri 49,94 dollara enib. “Qara qızıl”ın kəskin ucuzlaşmasına əsas səbəb kimi ekspertlər dünya iqtisadiyyatının artım tempinin aşağı düşməsini göstərirlər. Analitiklərə görə, neftin ucuzlaşması yaxın aylarda hələ davam edəcək. İrəli sürülən proqnozlarda neftin qiymətinin yaxın gələcəkdə 20 dollara qədər enə biləcəyi fikri də səsləndirilir. Baxmayaraq ki, son illər neftin 1 barelinin qiyməti 100 dollar olub.
Neftin qiymətinin ucuzlaşmasının ölkədə bahalaşmaya səbəb olacağı, yanacağın qiymətinə təsir edəcəyi, nəqliyyatda gediş haqlarının artacağı və sair suallarla millət vəkili Vahid Əhmədovla danışdıq.
Müsahibimizin 2015-ci ilin ilk ayları üçün maraq doğuran proqnozunu oxuculara təqdim edirik:
“Bütün dünyada neftin qiyməti ucuzlaşır. Bu xüsusilə neft ixrac edən ölkələr üçün çətinliklər yaradır. Neftin qiyməti aşağı düşdükcə dünyada iqtisadi vəziyyət bir qədər də çətin olacaq. Azərbaycanın dövlət büdcəsinə daxil olan gəlirlər əsasən neftdən gəlir. Demək olar ki, Dövlət Neft Fondunun da gəlirlərini neftdən gələn gəlirlər təşkil edir. Rusiyada vəziyyətin pisləşməsi neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Bir məsələ də var ki, qiymət aşağı düşəndə bahalaşma yox, ucuzlaşma olmalıdır. Neftin qiymətinin ucuzlaşmasının Azərbaycanda bahalaşmanın yaradacağını düşünmürəm. Çünki Azərbaycanın ərzaqla təminatında problem yoxdur. Ölkədə istehsal olunan məhsulların qiymətlərində artım yoxdur. Azərbaycanın idxal etdiyi məhsullarda müəyyən qədər artım olması ola bilər. Amma proseslər dünyada sürətlə inkişaf edir. Əgər yaxın gələcəkdə dünyada neftin qiymətində kəskin ucuzlaşma prosesi baş verərsə, bu, bəzi layihələrin həyata keçirilməsində müəyyən problemlər yarada bilər. Yanacağın qiyməti isə neftin qiyməti aşağı düşdükcə aşağı düşəcək. 2015-ci ilin ilk aylarında neftin qiymətinin aşağı düşməsi ola bilər. Bu, siyasi məsələdir. Rusiya ilə Ukrayna arasında olan problemlər bu prosesə öz təsirini göstərir. Məsələ ondadır ki, bu proseslərdən digər ölkələrdən daha çox həmin ölkələr özləri əziyyət çəkirlər”.
Orxan