Hindistanın Maxaraştra ştatında polis insanları qurban kəsən təşkilatın üzü olan 8 nəfəri həbs edib.
Həbs olunanların hamısı bir ailənin üzvləridir. Onlar 10 yaşlı Sapna Polaskarın ritual ölümündə ittiham olunurlar.
Dindirilmə zamanı öldürülən uşağın nənəsi Yaşobadai Meşram olayın təfsilatını danışıb. Yaşlı qadın bildirib ki, onlar ailəlikcə yerli hind kultlarından birinə tapınırlar. Bu səbəbdən də ailə yekdil qərarla balaca qızı öz Allahlarına qurban kəsib. Sapnanın qurban verilməli olduğunu isə qohumlardan biri yuxusunda görüb.
Onun sözlərinə görə, guya Allahlardan biri ailənin ən balaca üzvünün qurban verilməsini istəyib. Evin sonbeşiyi isə 10 yaşlı Sapna olub: “Biz səmavi varlığın istəyinə “yox” deyə bilməzdik. Buna görə də Sapnanı Allaha verməliydik. Əks halda, bizim ailəmizi taleyin bədbəxtliyi gözləyirdi.”
Ritual zamanı dini ayinlər oxunduqdan sonra nənə öz əli ilə balaca nəvəsinin boğazını bıçaqla kəsib. Boğazdan axan qanın bir hissəsini o özü içib, qalan hissəsini isə səcdəgahın üstünə tökərək Allahlarına təklif edib.
Dini törənə kəndin kahini rəhbərlik edib ki, polislər onu da həbs ediblər. Asayiş keşikçiləri kahinin başqa qurban verilmə ruitualları düzənlədiyindən şübhələnir.
Araşdırma zamanı öldürülən uşağın paltarları və sümükləri Çoramba kəndində tapılıb.(Teleqraf.com)