Tanınmış PR mütəxəssisi Nəsimi Paşayev "Facebook” paylaşımında Dövlət Yol Polisi əməkdaşlarından şikayətlənib.
AZXEBER.COM xəbər verir ki, o, DYP əməkdaşlarının hər dəfə eyni taktikadan istifadə etdiyini iddia edib:
"Artıq başıma bir neçə dəfə gəldiyi üçün qərar gəldim ki, bunu şikayət edim və ictimailəşdirim. Şikayətim Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi əməkdaşlarındandır. Hadisə növbəti dəfə bu gün - 02.03.2022 -ci tarixi saat 07:51-də baş verdi. 99 YP 251 dövlət nömrə nişanlı DYP avtomobili bayraq meydanından üzü Bayıla tərəf gedəndə siqnal verib saxlamağıma işarə etdi. Yaxa kartı nömrəsi 0565 olan DYP əməkdaşı yaxınlaşaraq avtomobilimin sığortasını nə vaxt yenilədiyimi soruşdu. Bu hal 4-cü dəfə baş verdiyi üçün "vaxtı çatanda yeniləyirəm" cavabının verdim. "Bizim sistemdə örünmədiyi üçün saxlamışam" deyərəm planşetində qurdalanmağa başladı. Mən də artıq bunun mütəmadi hal aldığını, əgər göstərmirsə sistemlərini düzəltdirməyi dedim. Qısa söhbət və əsəblər yerindən oynayandan sonra heç bir protokol tərtib edilmədən yoluma davam etdim. Qeyd edim ki, avtomobilin sığortasının olduğuna dair heç bir sənəd-sübut təqdim etmədim. İndi sual olunur. Bu DYP əməkdaşının məqsədi nədir? Əgər sığorta həqiqətən yoxdursa niyə protokol tərtib etmədi? Baxmayaraq planşeti mənə tərəf tutub "sistemdə görsənmir"i 2-3 dəfə dedi. Eyni zamanda əgər avtomobilin sığortası yoxdursa bunu kameralar vasitəsilə elektron qaydada qeyd edib protokol tərtib etməlidirlər.
Qeyd edim ki, Səbail rayon DYP-sinə aid 99YP 250, 251, 252, 253 dövlət nömrəli avtomobillər eyni taktikadan istifadə edir. Çünki ötən dəfə digər avtomobil saxlamışdı məni. Eyni ərazidə xidmət aparırlar. Azneft meydanı - 20-ci sahə arasında.
Elə yerindəcə 102 xidmətinə şikayətimi bildirdim. Buradan da ictimailəşdirdim. İndi zəhmət çəkib araşdırma aparıb cavab versinlər. Sübh tezdən uşağı məktəbə apararkən bir daha belə halla qarşılaşmaq və bütün günü əsəb keçirmək istəmirəm”.
Onu da qeyd edək ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, bununla bağlı araşdırma aparılacaq.
Aydın Nuri