Nikah dövründə alınan hər əmlak ortaq sayılmır - Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır - Hüquqşünasdan açıqlama
SOSİAL
21:18 25.07.2026
282
Nikah dövründə əldə olunan əmlakın tərəflərə necə bölünməsi boşanma zamanı ən çox mübahisə doğuran məsələlərdən biridir. Cəmiyyətdə geniş yayılmış fikrə görə, evli olduqları müddətdə alınan bütün əmlak avtomatik olaraq ər və arvadın ortaq mülkiyyəti hesab edilir. Lakin qanunvericilikdə bunun istisnaları da mövcuddur. 

Nikah dövründə alınan əmlak hansı hallarda ortaq sayılmır? 

Demokrat.az-a bu barədə danışan hüquqşünas Ceyhun İsmayılov söyləyib ki, birgə nikah dövründə əldə olunan bütün əmlaklar avtomatik olaraq bölünməli əmlak hesab edilmir:

"Qanunvericiliyə əsasən, yalnız nikah müddətində alqı-satqı yolu ilə əldə edilmiş əmlaklar ər-arvadın ümumi birgə mülkiyyəti sayılır və boşanma zamanı bölünə bilər. Əgər əmlak nikah dövründə bağışlanma, hədiyyə və ya vəsiyyət əsasında əldə olunubsa, həmin əmlak ümumi birgə mülkiyyət hesab edilmir. Belə əmlak onu əldə edən şəxsin şəxsi mülkiyyəti sayılır və boşanma zamanı bölünmənin predmeti olmur. Yəni əmlakın nikah dövründə əldə edilməsi təkbaşına onun bölünməsi üçün əsas yaratmır”.

Hüquqşünas qeyd edib ki, bu məsələdə əsas meyar əmlakın hansı hüquqi əsasla əldə edilməsidir:

"Alqı-satqı yolu ilə alınmış əmlaklar birgə mülkiyyət hesab olunduğu halda, əvəzsiz qaydada bağışlanma, hədiyyə və ya vəsiyyət yolu ilə əldə edilmiş əmlaklar, nikah dövründə əldə olunsa belə, şəxsi mülkiyyət statusunu saxlayır və tərəflər arasında bölüşdürülmür”.
OXŞAR XƏBƏRLƏR