Məlumatda qeyd edilir ki, əgər 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər idisə, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib.
Son 10 il ərzində nikahdan kənar dünyaya qələn uşaqların rekord göstəricisi 2004-cü ildə qeydə alınıb. APA-nın məlumatına görə, həmin il bu göstərici 26 669 nəfər təşkil edib.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 165 643 nəfər uşaq dünyaya gəlib. Son 10 il ərzində doğulan körpələrin sayı 42% artıb.
“Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əziziva rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayının artmasının bi neçə səbəbi olduğunu bildirdi. Onun sözlərinə görə birinci səbəb ondan ibarətdir ki, son zamanlar rəsmi nikaha girmək istəyənlərin sayı xeyli azalıb. Belə ki, yeni ailə qurmaq istəyən cütlüklər ailə qurarkən rəsmi nikaha girməkdən boyun qaçırırlar. Yalnız kəbin kəsdirməklə kifayətlənirlər. M.Əzizova qeyd edir ki, belə olduğu halda dünyaya gələn uşaq nikahdan kənar doğulan uşaq kimi hesab edilir: “Digər bir səbəb isə erkən nikahların olmasıdır. Təəssüflər olsun ki, günümüzdə 17 yaşına çatmadan ailə quran qızların sayı da artıb. Məsələ burasındadır ki, 17 yaşında ailə quran qızlar rəsmi nikaha girə bilmirlər. Qanun buna yol vermir. Nəticədə doğulan uşaq yenə nikahdan kənar doğulan uşaq sayılır”.
M.Əzizova onu da bildirdi ki, son vaxtlar rəsmi nikaha girmədən, sadəcə özü üçün uşaq dünyaya gətirən qadınların da sayı sürətlə çoxalır: “Belə qadınlar fikirləşirlər ki, karyera qurmuşam, daimi işim və pulum var. Bir övlada da sahib olmaq istəyirlər. Amma ailə qurmaqdan çəkinirlər. Sadəcə övladı və iş həyatı ilə kifayətlənirlər. Çünki, ailə kimi məsuliyyətli yükü daşıya bilməyəcəklərindən qorxurlar. Ona görə də rəsmi nikaha girməməyə üstünlük verirlər. Belə qadınlara daha çox Bakı şəhərində rast gəlinir”.