Niyə İlham Əliyev? - KÖŞƏ

Niyə İlham Əliyev? - KÖŞƏ
KÖŞƏ
12:51 24.11.2012
2655

Fərid ŞAHBAZLI “İslahatçı Gənclər” İctimai Birliyinin sədri

Kinodramaturq Rüstəm İbrahimbəyovun Azərbaycan hakimiyyətini ittiham edən son açıqlamalarına müxtəlif reaksiyalar gəlməkdədir. Müxalifət düşərgəsi bunu Azərbaycan ziyalısının ahıl çağında həqiqəti etirafı, iqtidar təmsilçiləri isə xırda maraqları təmin olunmadığı üçün düşdüyü eyforik vəziyyətin “nəticəsi” kimi təqdim edirlər.

Əslində nə baş verir və kinodramaturq nədən birdən-birə iqtidarı sərt şəkildə tənqid etməyə başladı?

“Ziyalılar Forumu”, yoxsa “Uğursuzlar Fondu”

Rüstəm İbrahimbəyov siyasi fəaliyyətə, daha dəqiq desək müxalifətçilik fəaliyyətinə təsisçilərindən olduğu “Ziyalılar Forumu”nda başlayıb. Azərbaycanda baş verənlərə, “insan hüquqları”nın pozulmasına qarşı mübarizə apardıqlarını iddia edən forumun əvvəlcə rəhbər heyətinə nəzər salaq.

Cəmil Həsənli – Tarixçi professor olan Cəmil müəllimin elmi araşdırmaları ilə bağlı tarixçi olmadığıma görə, dərin məlumatlara malik olmasam da, siyasi fəaliyyətində “bağda ərik var idi, salaməleyk var idi, bağda ərik qurtardı, salaməleyk qurtardı” misalında olduğu kimi, qeyri-sadiqlik prinsipinə söykəndiyi gün kimi məlumdur. İki çağırış parlamentin deputatı olmuş Cəmil müəllim son seçkilərdə politoloq Rasim Musabəyova məğlub oldu. Ondan cəmi beş il qabaq isə iqtidarın namizədini məğlub edərək, deputat seçilmişdi və rəhbərliyində təmsil olunduğu AXCP-dən məhz mandatını itirməmək üçün ayrılmışdı.

Eldar Namazov – Prezident Adminstrasiyasında çalışan və vəzifədən azad edilikdən sonra siyasi iddialarını ortaya qoyan bu şəxsə nə iqtidar, nə də müxalifət daxilində münasibət birmənalı deyil. Onun iddialarının perspektivlərinə isə ən yaxşı cavabı zamanında ulu öndər Heydər Əliyev verib. “Eldar Namazov görüşləri qeydə alırdı, Dilarə Seyidzadə isə ondan daha yaxşı xəttə malikdir” deməklə, onun perspektivlərinə müdrik siyasətçi damğasını vurmuşdu. İllərdir nəticə əldə etmək üçün çabalasa da, heç bir uğurlarının olmaması onun siyasətdə bəxti gətirməməsinin deyil, süqut etməsinin göstəricisi sayıla bilər.

Əkrəm Əylisli – Parlamentə getdiyi üçün Müsavatdan qovulan və bu dəfə mandat almadığı üçün iqtidar əleyhinə şerlər söyləyən birisinin həm şairliyi, həm də yazıçılığı sual altına düşür. Onun haqqında isə danışmağa belə dəyməz. Siyahını uzatmaq da olar. “Ziyalılar Forumu” iqtidardan aldıqlarını alan, ala bilmədikləri uğrunda mübarizə aparan bir qrup fürsətcil alimin yaratdığı mənasız və perspektivsiz birlikdən başqa bir şey deyil.

“Milyarderlər İttifaqı” da işə yaramadı

Rüstəm müəllim kinli adamdır. Uzun müddət hakimiyyətə mədhiyyələr söyləyən bir ziyalı günlərin birində özü kimilərini başına yığıb, təşkilat yaradır və onda şəxsi mənfəətlərini güdmək, eqoizm hissi o səviyyəyə çatır ki, öz evini belə iclaslar üçün açıq elan edir. Hansı Rüstəm İbrahimbəyov ki, bir zamanlar ondan müsahibə götürmək istəyən müxalif mətbuatın müxbirlərinin telefonunu belə qapadırdı. İbrahimbəyov heç şübhəsiz Moskva səfərində haqqı salamı olduğu, ona hörmətlə yanaşan bir qrup azərbaycanlı sahibkarın etimadından sui istifadə edərək, əsas məqsədinin məhz İlham Əliyevi müdafiə etməsi adı ilə imitasiya edərək, onları bir araya toplayır və formal bir qurumun – şərti adı “Milyarderlər İttifaqı” olan təsisatın yaranmasına nail olur. Rusiyada yaşayan və rus elitasının sayılıb-seçilən nümayəndələrini Azərbaycan hakimiyyəti ilə üz-üzə qoymağa çalışır. Ardından isə bir neçə gün qabaq çörək kəsidiyi kohnə dostlarının arxasınca cəsarətsiz damğasını da vurur. Onlara Azərbaycan hakimiyyətindən təzyiq edildiyini deyərək, guya Moskvada milyarderlərdən “Ziyalılar Forumu”na da xeyir-dua aldığını söyləyir. Amma bu dəfə də İbrahimbəyov yanılır.

Rüstəm İbrahimbəyov nədən narazıdır?

Rüstəm İbrahimbəyov müxalif mətbuata palaz-palaz müsahibələrində bəyan edir ki, guya Azərbaycan hakimiyyətinin limiti bitib. Bizdə Misir, Suriya olaylarından daha pis və təhlükəli inqilablar olacaq. İlham Əliyevi saymadığını, hakimiyyətin beş məmur tərəfindən idarə olunduğunu deyən İbrahimbəyov özü-özünü təkzib etməklə məşğuldur. Amma müsahibə zamanı hər suala cavabında onun həqiqi niyyəti üzə çıxır. “Mənə qarşı haqsızlığa yol verdilər, guya mən “Dağüstü parkda qeyri-qanuni fəaliyyət növü ilə məşğul idim, tutub halal məkanımı əlimdən aldılar” söyləməklə əsas niyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Məhz bu müsahibə kifayət edir ki, onun hansı “siyasi keyfiyyətlərə” malik olduğunu yəqin edəsən. Rüstəm müəllim, Azərbaycan suverenliyini təhdid etmək, vətəndaşları dağıdıcılıq ruhuna kökləmək əvəzinə, deyərdiniz ki, mənim əmlakımı qaytarın, bununla da məsələ bitərdi də. Daha bu boyda həngamə nəyə gərək idi? Necə olur ki, qardaşınız Maqsud İbrahimbəyov deputat olanda, “Tribuna” qəzetini işlədəndə hakimiyyət yaxşı olur, sizdən bir qanunsuz obyektin hesabını soranda pis. Bax bu müsahibələrdə siz öz niyyətinizi tam təfsilatı ilə ortaya qoyursunuz. Bu isə daşıdığınız olduğunuz statusa və ziyalı adına yaraşmayan bir hərəkətdir.

Gənclər İlham Əliyevi müdafiə edir Rüstəm müəllim: istəsəniz də, istəməsəniz də

Rüstəm İbrahimbəyovun müsahibələrində diqqət çəkən məqamlardan biri onun Azərbaycan gəncliyi ilə bağlı fikirləridir. Azərbaycanda ən güclü müxalifət partiyalarının AXCP və Müsavat olduğunu deyən kinodramaturq ölkədə dəyişikliyin ünvanı olaraq yenilikçi gəncləri göstərir. Azərbaycan gəncliyindən ciddi gözlənilərini isə onların dağıdıcılıq fəaliyyətində görür. Biz isə Rüstəm İbrahimbəyova üz tutub demək istəyirik ki, Azərbaycan gəncliyi İlham Əliyevin arxasındadır. Reallıqla barışın Rüstəm müəllim, bu sizin istəyinizdən asılı olmayaraq belədir.

Rüstəm İbrahimbəyov qeyd edir ki, regiondakı son proseslər yaxın zamanlarda Azərbaycanda inqilab olacağını labüd edir. Rüstəm müəllim, bağışlayın, gecikmisiniz, bunu sizdən qabaq onillərdir deyənlər var, indi öz qardaşları belə onlara inanmır. Deyirsiniz ki, yenilikçi gənclərə ehtiyac var: bizim Prezidentimiz dünyanın ən böyük ali məktəblərindən birində təhsil alıb, indi ingilis dilində inqilab çağırışı edənlər anadan olmayanda, İlham Əliyev ingilis dilində danışırdı. Dolayısı ilə özünüz də etiraf edirsiniz ki, Azərbaycanda hakimiyyəti idartə etməyə gəlməyə ən real şəxsiyyətdə elə İlham Əliyevin özüdür. Bunu bilirsiniz, sadəcə etiraf etmək cəsarəti sizdə yoxdur, Sovet nomenklaturasının ələbaxımlılığı sizi və sizin kimləri pis öyrədib. Uman yerdən küsərlər deyiblər, uman yerə arxa çevirərlər deməyiblər ki? Amma unutmayın, sonda yenə iqtidara yarınacaqsınız. İqtidarı təhdid edənlərin parlamentdə kirmişcə oturmasını da az görməmişik, cənab İbrahimbəyov!

Rüstəm İbrahimbəyova deyəcək son sözlərimizi də sonraya saxlamaq istəmirik. Buyurun Rüstəm müəllim, dinləyə bilərsiniz.

- Rüstəm müəllim, biz sizin söylədiyiniz çağırışlardan çox eşitmişik. Onu da eşitmişik ki, Qərb, Rusiya Azərbaycanda dəyişikilər edəcək. Bizim anlamımızda bu xəyanətdir. Biz isə dövlətə xəyanətkar olmaq istəmirik!

- Biz bir amala qulluq edirik, bu yolda başımıza gələnləri də göz önünə alırıq. Biz onu anlayırıq ki, adamın malı da gedər, pulu da, amma bu sənə əsas verə bilməz ki, getdiyin yola dönük çıxasan.

- Bizim “Qələbəyə”dək siz gəlin, oradan sizi qələbəyə o, aparacaq” deyib, sonda evində gizlənib, yüzlərlə tərəfdarını qanunsuzluğa sövq edərək, həbsə göndərənlərdən fərqli liderimiz var! Bu İlham Əliyevdir!

- O İlham Əliyev ki, heç bir qüvvənin Azərbaycanın daxili işlərinə qarışmasına imkan vermir, hər bir sözünün və xalqının arxasında dayanıb.

Gecdir Rüstəm müəllim, gec..!

OXŞAR XƏBƏRLƏR