Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı

Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı
DÜNYA
00:03 05.10.2026
162
Sakit okeanda hərəkət edən Nolo qasırğası Havay adalarının qərbində yenidən güclənərək 3-cü kateqoriyaya yüksəlib.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, qasırğanın mərkəzində küləyin sürəti saatda 185 kilometrə çatıb.

Məlumata əsasən, Nolo Lisianski adasının təxminən 320 kilometr cənub-qərbində yerləşib və saatda 31 kilometr sürətlə qərb istiqamətində hərəkət edir.

Qasırğanın marşrutu üzərində yerləşən Papahanaumokuakea Dəniz Milli Abidəsinin mühafizə zonasında, Maro rifi ilə Lisianski adası arasındakı ərazi üçün tropik fırtına xəbərdarlığı elan olunub.

Güclü dalğaların ərazidəki alçaq yüksəklikdə yerləşən məskunlaşılmamış mərcan adalarını su altında qoya biləcəyi bildirilib. Bununla yanaşı, qasırğanın Havayın əsas və sıx məskunlaşmış adalarından uzaqda hərəkət etdiyi və yaşayış məntəqələri üçün təhlükə yaratmadığı açıqlanıb.

Qeyd edək ki, Nolo ötən həftə Havay adalarının yaxınlığından keçdikdən sonra zəifləyərək tropik fırtınaya çevrilmişdi. Daha sonra isti dəniz suları üzərindən hərəkət edən qasırğa yenidən güclənərək əvvəlcə qasırğa mərhələsinə daxil olub, ardınca 3-cü kateqoriyaya yüksəlib.

Sakit okeanın şərqində 1-ci kateqoriyalı Reyçel qasırğasının isə Meksikanın qərb sahillərindən uzaqlaşaraq açıq dənizə doğru hərəkət etdiyi, lakin sahilyanı ərazilərdə təhlükəli dalğalar yaratmaqda davam etdiyi bildirilib.
 
///bakuws///
OXŞAR XƏBƏRLƏR