Novella Cəfəroğlu: “Onlar öz vətənlərində tutulublar” - MÜSAHİBƏ

SİYASƏT
15:00 06.11.2014
2103
“Girovlarımız dərhal azad olunmalıdırlar”
Məlum olduğu kimi, girov götürülmüş həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin separatçı rejimdə qurulan məhkəmə prosesi davam edir. Bu şəxslərin hüquqlarının müdafiəsi prosesinin qurulması üçün parlamentdə millət vəkilləri tərəfindən təşəbbüslər səsləndirildi. Bu günlərdə isə Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadə bildirdi ki, Rusiyaya səfəri zamanı bu məsələni diqqətdə saxlayacaq və girovlarımızı azad etməyə çalışacaq.
Həmvətənlərimizi azad etmək üçün, onların müdafiəsinin qurulması üçün hansı addımlar atılır? Bu proseslə əlaqədar beynəlxalq hüquq müdafiə təşkilatları ilə hansı danışıqlar aparılır?
Bu və digər suallarla AZXEBER.COM-un əməkdaşı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə danışıb.
- Girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma separatçı rejimin qurduğu məhkəmə prosesində soydaşlarımızın hüquqlarının müdafiəsi prosesinin həyata keçirilməsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Necə hesab edirsiniz, girov düşmüş soydaşlarımızın azad olunması prosesini necə qurmaq lazımdır – bunu özümüz etməliyik, yoxsa beynəlxalq səviyyədə bu işi aparmaq lazımdır?
- Biz də bu məsələ ilə məşğuluq. Beynəlxalq təşkilatlara da bu barədə yazmışıq. Bu məsələni diqqətdən kənarda saxlamaq olmaz. Bu insanlar öz torpağında gəzirdilər. Ermənistana keçməmişdilər. Heç kəs demir Qarabağ Azərbaycanın torpağı deyil. Onlar açıqca deyirlər ki, biz ora anamızın qəbrini ziyarət etməyə getmişdik. Mən hesab edirəm ki, onları buraxacaqlar. Bu məsələ belə qalmayacaq. Çünki qala bilməz.
- Bu günlərdə Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadə bu məsələ ilə bağlı mövqeyini açıqlayaraq bildirib ki, yaxın günlərdə Rusiyaya səfəri zamanı prezident Vladimir Putinlə görüşəcək. Girov düşmüş vətəndaşlarımızın müdafiəsi prosesinə üçüncü bir dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldıracaq. Bu mövqe ilə bağlı münasibətiniz necədir?
- Mən hesab edirəm ki, ümumiyyətlə, nə məhkəməyə, nə də 3-cü bir dövlətə ehtiyac yoxdur. Çünki bu insanlar günahsızdırlar. Dərhal azad olunmalıdırlar. Onlar öz vətənlərinin torpaqlarında tutulublar.
- Necə hesab edirsiniz, yaranmış situasiyada girov götürülmüş həmvətənlərimizi azad etmək üçün hansı addımlar atılmalıdır?
- Bütün hər kəsin fikrini bu məsələyə yönəltmək lazımdır. Televiziyalar, qəzetlər, digər KİV-lər bu barədə hər gün yazmalıdırlar. Problem hər an diqqətdə saxlanmalıdır. Ancaq mən bunun üçün çalışanları görmürəm. Sanki heç kəsin vecinə deyil. Hər kəs öz işindədir. Bu məsələyə ciddi yanaşan insan yoxdur.
Ozal İbrahimli
Azxeber.com
OXŞAR XƏBƏRLƏR