Türkiyənin gündəlik nəşr edilən nüfuzlu "Öncə Vatan” qəzeti Bakının "EXPO 2025”-ə ev sahibliyi ilə bağlı namizədliyindən bəhs edən "Azərbaycanda EXPO 2025” həyəcanı” başlığı ilə səhifə dərc edib.
AZXEBER.COM xəbər verir ki, qəzet səhifədə Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Parisdə Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbuldakı çıxışına diqqət ayırıb:
"Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük şərəfdir.
Azərbaycan 2000-ci ildən etibarən "Expo” hərəkatının fəal üzvüdür.
Bizim pavilyonlarımız son üç sərgidə – 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq”.
Qəzet hazırladığı səhifədə eyni zamanda "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının müsahibəsinə istinadən yazıb ki, Azərbaycanın "EXPO-2025”-i ən yüksək səviyyədə qəbul etmək üçün bütün imkanları var.
Fərid Şahbazlı müsahibəsində qeyd edib ki, hazırda Azərbaycan dünyada həm də müxtəlif sahələrlə bağlı mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi irəli sürülüb.
Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyi, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunması və digər çoxsaylı səbəblər paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi etməsinə imkan yaradır.
Qeyd edilib ki, Azərbaycan Qlobal Humanitar Forum, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən keçirilən Formula-1 Qran-prisi yarışları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə qazanıb. Eyni zamanda, Azərbaycan siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik müstəqil ölkədir. Bütün bu səbəblər "Ekspo 2025”in Azərbaycanda yüksək səviyyədə keçirilə biləcəyinə tam zəmanət verir.