Müsavat Partiyasının Milli Şuradan ayrılmasından sonra düşərgədaxili böhran və bu partiyanın AXCP ilə körpülərini yandırması siyasi ictimaiyyətdə müzakirə obyektinə çevrilməkdə davam edir. AZXEBER.COM-un məlumatına görə, Müsavat Partiyasının Divan üzvü Nüşabə Sadıxlı AXCP rəsmilərinin müsavatçıları “mandat alveri”ndə ittiham etmələrinə münasibətini açıqlayarkən bildirib ki, bəziləri özlərini qabarıq göstərməkdən ötrü öz fonundakıları aşağı göstərir: “Amma onlar başa düşmürlər ki, bununla özləri də aşağılanırlar. Müsavata kölgə salıb nüfuzdan salmaq istəyirlərsə, bu, bumeranq kimi qayıdıb özlərinə də dəyir. Bu, müxalifət düşərgəsi üçün xoşagələn bir şey deyil”.
Cəbhəçilərin Müsavat Partiyasının Milli Şuradan çıxmasını bəhanə adlandırmalarına gəlincə isə Nüşabə Sadıxlı qeyd edib ki, o belə düşünmür: “Düşünmürəm ki, Müsavatın Milli Şuradan çıxması üçün bəhanə lazım idi. Müsavat öz fikirlərində dürüst və dəqiq təşkilatdır. Demək istədiklərini deyir…Müsavat kimdən qorxur ki, bəhanə gətirsin? Arqumentləri ortaya qoyur, hadisələri təhlil edir, nə bəhanə olmalı idi? Niyə bu cür fikirlər səsləndirirlər? Partiyamızın haradasa incikliyi ola bilərdi, amma bəhanəsi ola bilməzdi…Elə şeylər var ki, orada Müsavatın sözü və fikri əsas götürülməli idi. Mən Milli Şuranın üzvü deyiləm, ona görə də oradakı proseslər barədə dəqiq bir söz demirəm. Amma eşitdiklərimdən, gördüklərimdən mənə aydındır ki, elə problemlər var idi ki, orada Müsavatın sözü keçərli deyildi. O yerdə ki, sənin sözün eşidilmir, öz ideyalarını yeridə bilmirsən, orada özünü artıq hesab edirsən və oradan çıxmalısan.”