O küçə, o ev, o şəhər...

MARAQLI
12:54 15.04.2015
2245
O küçə, o ev, o şəhər...
Bir müddət öncə yerli kanalların birində dövlət başçısının Gəncə şəhərinə səfərindən reportaj göstərirdilər. Səfər proqramına Cavad Xan küçəsində aparılan abadlıq işləri ilə tanışlıq da daxil idi. Cavad Xan küçəsi!.. – Nənəmgilin yaşadığı küçə... Rəhmətlik nənəm uzun illər məhz o küçədə yaşamışdı – əfsanəvi Cavad Xanın adını daşıyan küçədə...
Ekran önündə əyləşmiş atamın gözləri dolmuşdu. Bayaqdan gözlərini ekrandan çəkməyən atam, reportajın o bölümünə baxa bilmirdi... Bir az vurnuxub duruxandan sonra, siqaret çəkmək bəhanəsi ilə eyvana keçdi. Anam nə qədər onu çağırdısa, gəlmədi. Doğulduğu, böyüdüyü evin, oynadığı, hər tinini əzbər bilib, tanıdığı və “atıb, gəldiyi” küçənin həsrəti hələ də onun gözlərində idi. Anasını yad etdi, o küçəni, o doğma evli günləri yad etmişdi atam.
Ata evini deyirəm, onun ata evini... Atam 30 il orda yaşadı. 30 il o küçə ilə gedib-gəldi... Sevindi, darıxdı, kədərləndi, uğur qazandı, nə oldu - nə olmadı... Mən darıxıramsa, o necə darıxmasın?! Axı o küçə onun doğma küçəsi idi və indi o, o küçə ilə gedib-gəlmirdi, küçə ekrandan atamın evinə “gəlirdi”...
Uşaqkən o küçədə yoldaşları ilə oynayan uşaq, böyüdükcə o küçəyə, o həyətə bağlanan dəliqanlı necə darıxmasın ötən günlər üçün? O küçə ilə bağlı xatirələri çoxdur atamın...
Yadımdadır, mən də Gəncəyə gedəndə, o küçəni o baş bu baş o ki var, gəzirdim. O küçə, mənim günlər, adamlar, hadisələr gördüyüm uşaqlıq dünyamın küçəsidir. O küçəni heç vaxt unutmaram, unuda bilmərəm... Sakit idi, eyni zamanda adamlarla qaynayırdı. Və bir şey yaxşı idi ki, o küçədə o baş - bu başa hamı bir-birini tanıyırdı. Adamları da gülərüz, ünsiyyətə meylli, səni tanıdı tanımadı səninlə mütləq danışıb hal-əhval tutacaqdı.
Nənəmi o küçədə hamı tanıyırdı və sayğı duyurdu. Keçib salam verməmək mümkünsüz idi. Nənəm hər gün o küçə ilə düz 50 dəfə gedib-gəlirdi, artıq qonşular, dükanda işləyən satıcılar da nənəmin həm getdiyi istiqaməti, həm vaxtı dəqiqliyi ilə bilirdilər... Ən əsas da onun enerjisinə heyran idilər ki, bu qadın gündə nə qədər evdən çıxır-qayıdır – “yaşlı qadındır, amma enerjisinə bax”..! Nənəm hara gedib-gəlirdi? – Bazara, qızının evinə, bacılarıgilə, qohum-əqrabagilə, xeyrə-şərə...
O gözəl küçədəki dükanlar indiyənə kimi yadımdadır. Ünlü Zinger ailəsinə məxsus “Zinger. Qədim əşyalar dükanı” orda illər öncədən mövcud olub. O dükan o küçənin sanki simvolu idi. Hal-hazırda da fəaliyyət göstərir o dükan. Küçənin bərpa işlərindən sonra daha da gözəl olub, küçə də, oradakı dükanlar da...
Mənim uşaqlığımın ən xoş çağları Gəncədə keçib, məhz Cavad Xan adlanan küçəsi ilə dünyaya yeridiyim Gəncədə... Öncələr Cavad Xan küçəsi bugünkü kimi deyildi. İndi daha da gözəl olub, gözəl küçə... Cavad Xan küçəsi Gəncə şəhərinin mərkəzi və uzun küçələrindən biridir. Cavad Xan küçəsi hazırda Gəncə şəhər əhalisi və turistlərin ən çox üz tutduğu, orada yaradılan gözəllikləri seyr edərək asudə vaxtlarını zövqlü keçirdikləri məkanlardan biridir.
Gəncə başdan-başa abadlaşıb. Tanımaq olmur Gəncəni – maşallah! Sağ olsun dövlət başçımız, onun sayəsində Gəncə sanki çağdaşlıqla qədimliyin, milliliklə avanqardlığın harmoniyaya gətirildiyi Avropa ölkəsinə çevrilib. Bu Gəncədə çox aydın görünür. Dövlət siyasətinin uğuru hər birimizi sevindirir. Bu inkişafdan hər bir Azərbaycanlıya pay düşür.
Gəncənin hər qarışı mənim üçün doğmadır. Şirin xatirələrim Gəncə ilə bağlıdır, hətta ən gözəl, ən kədərli anlarımda da, o xatirələr gözümün önündən getmir... Elə bil, o anlar ömrümə çöküb: qarış-qarış, küçə-küçə, ev-ev, ocaq-ocaq, adam-adam, olay-olay... O şəhəri, o küçəni, o evi sevirəm, ora mənim mənsiz qalan uşaqlıq saxlancımdır, ora mənim doğma yurdumdu... Təsəvvür edə bilmədiyim günlərim, o şəhərlə bağlıdır: xoş, qayğısız. Məhz o ev, o küçə, o döngə üçün darıxıram.
Mənim, bizim doğma küçəmiz indi “Gəncənin Torqovusu” deyə tərif edilir... Çünki, çox abad, gözəl və sanki küçədən artıq bir anlayış, qavram tələb edən məkandır, küçə-parkdır, xiyabandır... Mənim uşaq vaxtlarımda o küçə köhnə, təmirsiz evləri ilə “süslənmişdi”, amma hər şeyi, hər yönü ilə maraqlı, doğma və çox geniş idi... Hər dəfə o küçəni, o dükanları, ümumiyyətlə şəhəri görəndə özümü uşaq hiss edib, özümdən asılı olmayaraq, qayıdıram uşaqlığıma. Yuxularımda da tez-tez o mənzərəli yerləri, o əziz, doğma insanları görürəm. Hərçənd ki, bunları gerçək həyatda yaşamışam, bəs, niyə onda yuxuda görürəm? Bu o yerlərə bir yox, bir neçə dəfə baş çəkmək istəyi, arzusu və diləyidir.
...Nə başınızı ağrıdım, ailə-ocaq başçısını itirməklə biz (atamgil) o ocaqdan ayrılmalı olduq. O bağlı-bağçalı, gözəl həyət evimizi, gülərüz qonşu və doğma salamlaşmalardan da ayrıldıq... Lakin illər keçdiyinə baxmayaraq o ev, o küçə hələ də gözümün qabağında canlanır, yuxularımdan çəkilmir... Hələ də o gözəl ocağın həsrətindəyik, nəinki mən, valideynlərim də.
İndi də Gəncə deyəndə o ev gözümüzün qabağına gəlir. Anam hərdən o evi xatırlayarkən göz yaşlarını saxlaya bilmir... deyir: “Heyf, o evdən! Gəncəyə gedəndə qalmağa yerim var idi, indi isə o da yoxdur. Qaynanamın evindən, o ocaqdan da məhrum oldum”. O ev sanki dəyərsiz əşya kimi auksiona qoyulub satıldı. Axı o evdə nə qədər şənliklər olardı, nə qədər qonaqlar gələrdi. Nə qədər xoş sədalar gələrdi. Hər yay oranın sakini olardım. Hər yay o ev, o küçə məni qarşılamağa “çıxardı”, “salama durardı”... O evdən birdən-birə din-bərəkət qaçdı. Hara qaçdı, necə qaçdı, niyə qaçdı?!. – onu bircə Tanrı bilir. Əminliklə deyə bilərəm ki, o ev günüzü ağlayır... Bəli, ağlayır çünki onun bünövrəsini qoymuş, o evi alın təri, öz gücü ilə tikən sahiblərini axtarır, çağırıb, səsləyir. O ev yenidən isti ocaq, sevimli ev olmaq istəyir; amma heyf ki, bu mümkünsüzdür.
Bu hadisədən uzun müddət keçib artıq. O evin daşını nənəm öz əlləri ilə qoymuşdu. Yaxşı ki, acı taleyini görmədi, yoxsa ürəyi partlayardı. O ev onun ürəyi idi, satılmasına əsla dözə bilməzdi. Nənəm nə biləydi ki, öz əlləri və alın təri ilə tikən o evin bəxti bu cür qara olacaq. Ehh, zalım fələk….
Mənə sadəcə Gəncəyə gedəndə Cavad Xan küçəsi ilə gəzib, o evə qıraqdan özləmlə baxıb, ah çəkmək qalır. Nə vaxtsa mənim üzümə açıq olan qapı indi yad insanların ocağına çevrilib... O qapını nə vaxtsa açıb “Mən, bura xoş gəlmişəm” demək istərdim. Və arzulamaq qalır ki, o evdən nə vaxtsa yenidən qohum-əqrəbamın xoş sədası, sevinc və gülüş səsi gələcək. Olacaqmı? Bilmirəm. Amma təkcə onu bilirəm ki, o evin qiyməti və dəyəri bilinmədi.....
Yuxarıda sadaladığım səbəblər öz yerində, üstəlik də, gündəlik qayğılar, qaynar Bakı mühiti, virtual aləm, daha nələr, daha kimlər üzündən... Və ilk növbədə özüm-özümü o doğma yuvadan, o doğma küçədən, o doğma şəhərdən məhrum etmişəm sanki. Biz o evin indiki sakinləri ilə halallaşıb, yenidən oranın sahibi olduğumuz gün dünyanın ən gözəl günü olacaq! Hər kəsin ömründə belə bir “dönüş özləmi” var, harasa, kiməsə, nəyəsə... Dönüşlər mübarək olsun!
Leyla Namazova
OXŞAR XƏBƏRLƏR