"Müəllimin töhmət almasını düzgün hesab edirəm" - Deputatla təhsil eksperti üz-üzə

"Müəllimin töhmət almasını düzgün hesab edirəm" - Deputatla təhsil eksperti üz-üzə
SOSİAL
13:38 27.01.2022
1120

Bir neçə gün əvvəl sosial platformalarda dərs zamanı şagird nizam-intizamsızlığını əks etdirən görüntülər yayılmışdı.

Videoda orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirdilər. Baş verən bütün bu hadisələr isə sinifdə müəllimin olduğu müddətdə baş verib. Təhsil Nazirliyi ilkin olaraq sözügedən görüntülərin Azərbaycandakı məktəblərə aid olmadığını açıqlasa da, sonradan məlum oldu ki, həqiqətən də bu görüntülər bizim məktəblərdən birində qeydə alınıb.

Daha dəqiq desək, Bakının Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəbdə baş verib. Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Həmçinin oxu:

"Müəllimi belə aşağılamağa sənə kim icazə verib?" –Deputat naziri müəllimdən üzr istəməyə çağırdı

Hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb. Baş vermiş bu hadisədə fənn müəlliminin töhmət alması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 


AZXEBER.COM-a danışan millət vəkili Aqil Abbas bu videogörüntülərə görə, şagirdlərin cəzalandırılmalı olduğunu, müəllimin isə töhmət almasının doğru olmadığını bildirib: "Biz bu görüntülərdə müəllimin şagirdə necə qarşı olub-olmadığını görmürük. Bəlkə də müəllim şagirdə hansısa iradını bildirib, amma videoda bu əks olunmayıb. Buna görə də müəllimin töhmət olmasını doğru hesab etmirəm. Bu videoya görə günahkar təkcə şagirdlərdir ki, onlar da mütləq cəzalanmalıdır”.


Təhsil eksperti Kamran Əsədov da AZXEBER.COM-a hadisəylə bağlı öz münasibətini bildirib.

Onun sözlərinə görə, müəllimin töhmət alması qərarı tamamilə doğrudur: "Mən müəllimin töhmət almasını düzgün hesab edirəm. Çünki müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır. Əgər şagirdlər dərs zamanı bu cür davranışlara yol verirsə, bu birbaşa müəllimin günahıdır. Onların bu davranışına müəllim etiraz etməli və öz iradlarını bildirməli idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. Hətta bu hadisədən sonra o müəllimin dərsində yenidən hər hansısa problem yaşanarsa, müəllim öz işini itirə bilər”.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR