“O, qırıq-qırıq da olsa danışır” - Ramiz Əzizbəylinin xanımı

MƏDƏNİYYƏT
15:09 25.02.2014
1662
Fevralın 21-də Tibb Universitetinin Tədris-terapiya şöbəsinin reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən Ramiz Əzizbəylinin səhhəti normallaşıb.
Xalq artistinin həyat yoldaşı Zümrüd Əzizbəylinin Gün.Az-a verdiyi məlumata əsasən, aktyor artıq danışır:
“O, qırıq-qırıq da olsa danışır. Xəstəxanaya yerləşdiriləndən sonra səhhətində azacıq irəliləyiş olub. Həkimlər deyirlər ki, Ramiz sağalacaq, səhhəti yaxşılaşacaq. Sadəcə, müəyyən vaxt lazımdır. O, hazırda reanimasiyadadır. Nə vaxt çıxarılacağı bilinmir. Vəziyyəti bir balaca yaxşı olan kimi, palataya köçürüləcək”.
Qeyd edək ki, R.Əzizbəylinin həkimi, nevroloq Nərgiz Ağayevanın APA-ya verdiyi məlumata görə, xalq artisti beyin insultu diaqnozu ilə klinikaya yerləşdirilib:
“Xəstə altı ay öncə də eyni diaqnozla müalicə edilib. Hazırda müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Sağ tərəfində ağır gücsüzlük var, hazırda müalicə ilə bunun qarşısını almağa çalışırıq”.
Xatırladaq ki, Ramiz Əzizbəyli fevralın 9-da Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən sonra avtomobil qəzasına düşüb. Başından xəsarət alan aktyor bir neçə gün ev şəraitində müalicə olunub.
Qeyd edək ki, o, 1948-ci il iyulun 20-də Bakıda doğulub.

OXŞAR XƏBƏRLƏR