"Okampo kimilər üçün dəyər anlayışı yoxdur" - Azər Həsrət

"Okampo kimilər üçün dəyər anlayışı yoxdur" - Azər Həsrət
SİYASƏT
15:08 30.04.2026
386
Avropa siyasətinin rəzilliklərini ortaya qoyan videomaterial yayılıb. Belə ki, Minval Politika-nın əldə etdiyi sensasiyalı video görüntülər Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın yüksək həddə çatdığını tam şəkildə göstərir. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərdən gedir.  

Luis Moreno Okampo ilə bağlı ortaya çıxan videokadrlar regionda sülh gündəminə qarşı yönəlmiş narahatedici tendensiyaları bir daha üzə çıxarır. Özünü beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən bu şəxsin ritorikası və təşəbbüsləri artıq hüquqi çərçivəyə sığmır və onun açıq siyasi təsir alətinə çevrildiyini göstərir.
 
Siyasi şərhçi Azər Həsrət AZXEBER.COM-a açıqlamasında deyib ki, Okamponun belə ifşa olunması gözlənilən idi:

"Okamponun belə ifşa olunması bizi təəccübləndirmir. Çünki Azərbaycanda hamı əvvəldən bilirik ki, belə halların baş verməsi mümkündür. Bəzi şəxslər ermənilərin məqsədlərinə və tapşırıqlarına xidmət edir. Nəticədə isə ermənilər onları satın almış olur. 
Bundan başqa, Josep Borrell kimi şəxslərin də aktiv şəkildə anti-Azərbaycan kampaniyalarında iştirak etdiyi bəllidir. Eyni zamanda, ABŞ Konqresinin üzvü Robert Menendezlə bağlı da bu məsələlərdən danışılırdı. Bəzi şəxslər və dairələr isə bizi tənqid edərək bunun şər olduğunu deyirdilər. Lakin sonradan ABŞ məhkəməsinin qərarı ilə onun rüşvət qarşılığında fəaliyyət göstərdiyi təsdiqləndi və deyilənlərin əsassız olmadığı ortaya çıxdı”.

Ekspert vurğulayıb ki, kapitalist sistemdə pul çox vaxt həlledici rol oynayır:

"Qərb dünyasında adətən insanlar daha ədalətli və dürüst hesab olunsa da, reallıqda bu hər zaman belə olmur. Kapitalist sistemdə pul çox vaxt həlledici rol oynayır və hər şeyin alınıb-satılması mümkün olur. Azərbaycan isə öz dəyərlərinə uyğun olaraq belə qeyri-qanuni və ədalətsiz yollara əl atmır. Amma bəzi dairələr bu cür üsullardan istifadə etməkdən çəkinmirlər və hətta bəzən bunu açıq şəkildə edirlər. Onlar üçün dəyərlər sistemi yoxdur. Okampo da bu qəbildən olan insandır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR