‘Ola bilər ki, hadisə zamanı zabit əsəbi vəziyyətdə olsun’ – Fazil Mustafa

SİYASƏT
17:10 11.05.2013
3026

Xudatda bir hərbçinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin hər hansı formada siyasiləşdirilməsi yanlışdır.

 Kim ki, bu məsələdə belə bir şeyi edirsə, səhv yolu tutub. Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü, Böyük Qurtuluş Partiyasının başqanı Fazil Mustafa mayın 9-da Xaçmaz rayonunun Xudat şəhərində Sərhəd Qoşunlarının zabitinin işitrakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.

Millət vəkilinin fikrincə, Xudatda baş vermiş yol-nəqliyyat hadisəsi kiçik bir insidentdir və bu halda günahkarlar yalnız hüquqi müstəvidə cəzalandırılmalıdır: "Belə hallarda məsuliyyət fərdidir. Hansısa adam nəsə edibsə, insanlara qarşı sayğısızlıq göstəribsə də, bunun üçün hüquq-mühafizə orqanlarına müraciət edilməli və tədbir görülməlidir. Əgər tədbir görülməsə, insanların etiraz etməsini normal qarşılamaq olar. Yox, hər bir hadisəyə görə insanların özünə birbaşa "linç etmə" hüququ verilsə, onda hər gün küçələrdə savaş, müharibə olmalıydı".

Fazil Mustafa hesab edir ki, belə məsələlərin siyasiləşdirilməsi və bundan istifadəyə cəhd edilməsi ölkə üçün bir təhlükəli nümunə ola bilər.

"Ola bilər ki, hadisə zamanı zabit əsəbi vəziyyətdə olsun, hansısa səhvə və ya kobudluğa, hətta inzibati hüquq pozuntusuna yol vermiş olsun. Buna görə o şəxsə qarşı hüququn prinsipləri tətbiq olunmalıdır, nəinki kütləvi etiraz formasında məsələyə münasibət bildirmək. Məncə bu məsələlərin hər hansı bir şəkildə siyasiləşdirilməsi heç kimin xeyrinə deyil. İstənilən halda o sadəcə bir hərbçidir, nə siyasi fiqurdur, nə də məmur. Ona görə də bu formada etirazı normal qarşılamaq düzgün deyil. Əgər hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülməsəydi, o zaman insanların reaksiyasını anlamaq olardı. Ona görə də bu məsələlərin belə bir formada çözülməsi ölkədə yaxşı bir presedent yaratmır", - millət vəkili vurğulayıb.

Qeyd edək ki, mayın 9-da saat 11:20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub və bu zəmində hər iki şəxs arasında mübahisə baş verib. DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, məsələ Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsində araşdırılıb və öz qanuni həllini tapıb. DİN-in məlumatına görə, bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri öz təhrikçi ənənələrinə sadiq qalaraq baş vermiş adi yol-nəqliyyat hadisəsini növbəti dəfə siyasiləşdirməyə, rayonda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstəriblər. Onlar hadisə yerinə toplaşmış bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər.

Məlumatda qeyd olunub ki, görülmüş tədbirlərlə qanunsuz aksiyaya cəhdin qarşısı alınıb, onun təşkilatçılarından bir neçəsi, o cümlədən Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, habelə rayon sakini Nüsrət Qarayev saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub. Adları çəkilən şəxslərin hər biri rayon məhkəməsi tərəfindən 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Nazirliyin məlumatında bildirilir ki, rayon hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuz aksiyaya cəhdin digər təhrikçilərinin və fəal iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR