Bu gün Gəncə şəhərində YAP Gəncə şəhər təşkilatının VIII konfransı keçirilib.
AZXEBER.COM Ganjanews.az-a istinadən xəbər verir ki, konfransda YAP-ın sədr müavini Əli Əhmədov, Millət Vəkili Eldar İbrahimov, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və partiyanın ərazi təşkilatlarından nümayəndələr iştirak edib.
Konfransa 246 ərazi ilk partiya təşkilatından 466 nümayəndə qatılıb. Bildirilib ki, ötən müddət ərzində YAP Gəncə şəhər təşkilatı öz fəaliyyəti müddətində mütərəqqi iş təcrübəsi toplayaraq YAP-ın sınanmış qabaqcıl dəstələrindən birinə çevrilib. Təşkilat Siyasi və ideoloji cəhətdən daha da mətnləşərək yeni iş təcrübəsi ilə zənginləşib. Konfransda növbəti 5 il üçün şəhər təşkilatının şura və idarə heyətinin üzvləri, eyni zamanda sədr müavinləri də yekdilliklə seçilib.
YAP-ın sədr müavini Əli Əhmədov yığıncaqda Olimpiya çempionu Toğrul Əsgərova partiya biletini təqdim edib.
Əli Əhmədov YAP Gəncə şəhər Təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edib. Partiyanın sosial bazasının möhkəmləndirilməsi işinin daim diqqətdə saxlanılmalı olmasını, hər bir ərazi partiya təşkilatının fəaliyyətində Ulu öndər Heydər Əliyevin qayğıkeşliyi, tələbkarlığı prinsiplərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayıb. Sədr müavini qeyd edib ki, YAP ölkəmizdə keçirilən prezident, bələdiyyə və parlamet seçkilərində, referendumda fəal iştirak edərək seçicilərin böyük dəstəyini qazanıb. Bir neçə ay sonra keçiriləcək növbəti Prezident seçkilərində də təşkilatın fəallıq nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq YAP Gəncə şəhər təşkilatına yeni sədr seçilən Naqif Həmzəyevi təbrik edib. Onun gənc olmasına baxmayaraq, qabilliyyəti və bacarığı hesabına işinin öhdəsindən layiqincə gələcəyinə əminlik ifadə edib.
Qeyd edək ki, gedişatda təftiş komissiyasının hesabatı məqbul hesab edilib və nəzarət-təftiş qrupunun yeni üzvləri seçilib. Daha sonra Partiyanın sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xatırladaq ki, YAP Gəncə şəhər təşkilatı hazırda 246 ərazi ilk partiya təşkilatında 26 min 774 nəfər üzvü birləşdirir.