İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev facebook sosial şəbəkəsində "Həyatın özü və üzü" silsiləsindən "Toya getməyin çətinliyi və ya "qəliz" şadlıq evi..." adlı ironiya ilə dolu tənqidi bir yazı paylaşıb.
A.Əliyev yazır: "Bu yaxınlarda çoxdan tanıdığım birisi mənə zəng etmişdi. Salamdan və hal-əhvaldan sonra məni oğlunun toyuna dəvət etdi. Yerini soruşdum, elə qəliz ad dedi ki, vallah, nə mənasını başa düşdüm (yəqin, heç özü də bilmir), nə də tələffüz edə bildim. Baxmayaraq ki, bir neçə qəliz xarici söz bilirəm. Dəvəti məmuniyyətlə qəbul etdim və toyun nə vaxt keçiriləcəyini soruşdum:
- Sleduyuşi vockresenye, gözləyəcəm, - dedi və telefonunu, özü demişkən, qapatdı. (Kaş ki, dəvətnamə göndərməsini istəyəydim).
Mən də "sleduyuşi vockresenye" geyinib hazırlaşdım, bəzənib-düzəndim. Niyə gedəcəyimi bilsəm də, haraya gedəcəyimi yadıma sala bilmədim. Tanışlara zəng etməyə başladım. Bir çoxları telefonuna cavab vermədi. Saatıma baxdım, 7-nin yarısı idi. Yəqin artıq toyda idilər. Maşallah, bizim toylarda musiqi səsi elə gur olur ki, onları qınamağa yer qalmır.
Öz-özümə deyindim: - Bəyəm bazar günü keçirilən toyları gündüz etmək olmaz? Yoxsa gecənin bir aləmi toydan gəlirsən (tez getsən, səndən inciyərlər) və yuxulu-yuxulu səhər işə getməlisən. Nə isə. Elə bu zaman "insaflı" tanışlarımdan biri zəng etdi və toyun keçirildiyi o qəliz adlı yeri nişan verdi.
Evdən çıxıb, mənimlə üz-üzə gələn qonşumun salamını almadan (şadlıq evinin qəliz adını təkrarlayırdım) özümü yaxınlıqdakı taksiyə yetirdim. Uca səslə əzbərləməyə çalışdığım qəliz sözü deyib maşına əyləşdim və özümü gurhagurun, vurhavurun ünvanına yetirdim. Biri saza 220 (bəlkə də çox) volt gərginlik vermişdi, üç saqqallı cavan oğlan isə deyəsən, oxuyurdu ("deyəsən"i ona görə deyirəm ki, nə oxuduqları onsuz da bilinmirdı). Bir sözlə, ağız deyəni qulaq eşitmək imkanında deyildi. Beləcə "iynə atsan yerə düşməz" masaya baxa-baxa, hərdənbir nə dediyini anlamasam da, sifət mimikaları və əl-qol işarələri ilə stol qonşularımla "söhbət" etməklə (başqa cür mümkün deyildi) 3-4 saat oturdum.
...Doğrusu, toydan bir neçə gün keçsə də, mikrofonu bütün toy boyu "ağzının içindən" çixarmayan alabəzək geyimli müğənnilərin cır səslə oxuduqları "mahnı" hələ başımda səslənsə də, şadlıq evinin adını oradan çıxan kimi unutmuşdum.
Və özümə söz verdim ki, oğluma toyu "Məmmədhəsən" şadlıq sarayında keçirəcəm. Əgər belə şadlıq evi tapsam..."
///Milli.Az