Bu gün aprel döyüşlərində şəhid olan leytenant Qabil Orucəliyevin doğum günüdür.
Qabil Orucəliyev 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub. O, 2006-cı ildə Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2009-cu ildə liseyi bitirən Qabil, elə həmin il H.Əliyev adına AR Ali Hərbi Məktəbinə qəbul olub.
Qabil Orucəliyev 2013-cü ildə oranı leytenant hərbi rütbəsi ilə bitirib. O, peşəkarlığını artırmaq məqsədi ilə 2013-2014-ci illərdə AR SQ-nin TTM-də təkmilləşdirmə kursu keçib.
2014- cü ildə Qabil Orucəliyev xidməti fəaliyyəti üçün Naftalan şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilib. 4-5 ay xidmət edəndən sonra Tərtərin Borsunlu kəndi istiqamətində post komandiri olaraq xidmətini davam etdirib.
Qabil Orucəliyev bu ilin aprel ayında cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq şəhid olub.
Ölümündən əvvəl mart ayının 29-da şəhid leytenantın oğlu dünyaya gəlib. Şəhid olan zabitimizə övladını görmək qismət olmayıb. Övladına şəhidin adı qoyulub.
Allah rəhmət eləsin! (azvision.az)


