'Ona görə də bizim televiziyalar rəqabətdə Türkiyə televiziyalarına uduzur - Elçin Əlibəyli

MEDİA
12:45 21.06.2013
2097
Tanınmış teleaparıcı Elçin Əlibəyli azeritimes.az saytına müsahibə verib. AZXEBER.COM həmin müsahibəni təqdim edir. - Elçin Əlibəyli - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu necə oldu ki jurnalistikaya gəldi?- Mən hesab etmirəm ki, jurnalistikaya gəlmişəm. Əslində öz işimlə məşğulam. Mənim məşğul olduğum sahə televiziya nəzəriyyəsinin əsaslarıdır. Mən bu sahədə dissertasiya müdafiə etmişəm, kitablarımı yazmışam. Ümumiyyətlə, sənətşünas kimi mən televiziyanın təhlilini özümə istiqamət kimi götürdüm. Mən hələ universitetə qəbul olmamışdan qabaq televiziyalar ilə əməkdaşlıq edirdim, layihələr hazırlayırdım. Yəni bunların jurnalistikaya gəlməyimdə çox böyük təsiri oldu. Amma belə bir sərhəd qoymaq olmaz. Məsələn, mənim çox sevdiyim aparıcılardan biri Qordom ixtisasca aktyordur. Lakin o moderator kimi daha çox tanınır. Hesab edirəm ki, moderator Televiziya jurnalistikasından bir qədər fərqlidir.- 1995-1998-ci illərdə "Virtuoz" və "Korifey" kampaniyalarında redaktor vəzifəsində çalışmısız. İlk təcrübələriniz sizə nələr qatdı?- Yadımdadır, mən ilk dəfə 1995-ci ildə idmanla bağlı bir video-süjet hazırlamışdım. Bu mənim ilk işim idi. Bu süjeti həmin dövrdəki “ Ofsayt plyus” idman verilişi üçün hazırlamışdım. Ondan sonra da müxtəlif layihələr həyata keçirdim. Mən bu dövrdə sırf redaktor fəaliyyəti ilə məşğul oldum. Bu təcrübə baxımından çox önəmli idi. Həmin dövrdə yeni televiziyaçılıq ənənəsi var idi. Bir qədər hər şey özünüöyrənmə prinsipi ilə gedirdi. . Təbii ki, onda Rusiyada nəşr olunan dərsliklərdən daha çox bəhrələnirdik. Onda gedib xaricdən bir şey öyrənmək imkanımız da yox idi. Bu imkanlar sonralar yaranmağa başladı.- Daha sonra isə 1998-2005-ci illərdə "SOY TV"də baş redaktor oldunuz. Həmin dövrdə gənc olmağınıza baxmayaraq gözəçarpan yüksəlişinizi nəyə bağlayırsız?

- Mən hesb etmirəm ki, yaşın insanın hansısa fəaliyyətində bir rolu var. Yaş heç nə dəyişmir. Yaş sırf fiziki, bioloji məsələdir. 99% insanın çalışqanlığından asılıdır. Yalnız 1 % istedaddır. İnsan daima öz üzərində, hədəfləri doğrultusunda çalışmalıdır. Öz fəaliyyətini, çevrəsini genişləndirməlidir.- 4 il Azad Azərbaycan Teleradio Yayım Şirkətinin Bədii rəhbəri olmusunuz. Sizcə bugünkü telekanallarımız auditoriyanın tələbatını yetərincə qarşılaya bilirmi?

- Auditoriya çox geniş və amorf anlayışdır. Onun vahid bir düsturu yoxdur ki, deyək bu düstura görə olmalıdır. Ona görə hamını əhatə etmək çox çətindir. Təbii ki, telekanalların üzərində çox böyük vəzifələr durur. Onlar yeni nəsil tamaşaçısını nəzərə alaraq, yeni islahatlar aparmalıdır. Mən bütün bunları bilirəm və hesab edirəm ki, Azərbaycan Televiziyasında əsaslı islahatlar aparılmalıdır. Xüsusən də telekanallara sosioloqlar,psixoloqlar cəlb olunmalıdır ki, seyrçinin psixoloji istəklərini, sosial vəziyyətini nəzərə alsın. Belə olanda artıq bu verilişlər ünvanlı olur və müəyyən dərəcədə sosial sifarişi yerinə yetirə bilir.- Bəs niyə bizim auditoriyamızda Türkiyə telekanallarına meyllilik daha çoxdur?- Bu barədə mənim məşhur bir məqaləm var. Televiziya nəzəriyyəsində buna “Belçika sindromu” deyirlər. Bildiyiniz kimi, Belçika yarı fransız dilli, yarı alman dilli bir ölkədir. Həmin dövrdə artıq Belçika bir dövlət kimi bölünməyə başlayırdı. Bu təhlükə yarandığı üçün dövlət konsepsiyası qəbul olundu ki, televiziya gücləndirilsin və Belçikanın ideologiyası yayılsın. Azərbaycanda da bu problem var. Bizdə böyük əksəriyyət Türkiyə türkçəsini anlayır, heç bir məhdudiyyət yoxdur. Buna görə də qardaş ölkənin televiziyaları çox böyük rəqabət yaradır. Orda gəlirlər və şərait bizdən daha üstün olduğundan bu televiziyalar sürətlə inkişaf edir. Ona görə rəqabətdə bizim televiziyalar Türkiyə televiziyalarına uduzur. Seçici də daha yaxşı hazırlanana niyə də baxmasın? Bax belə. Meyl bundan irəli gəlir başqa heç nə.

- "Tanıdım", "El içində", "LG Bilik Akademiyası" kimi verilişlərinin aparıcısı olmusunuz. Hansı verilişiniz sizin zövqünüzü daha çox oxşayırdı?

- Əgər veriliş mənim zövqümü oxşamırsa mən o verilişi aparmazdım. Məni hansısa layihəyə dəvət edəndə mən düşünürəm ki, bu mənim formatıma uyğundur yoxsa yox? Yəni mən növbətçi aparıcı işləmirəm ki, biri olmasa o birini seçim. Bütün verilişlərim mənim ürəyimcə olub.

- "LG Bilik Akademiyası" gənclər tərəfindən böyük maraqla izlənirdi. Sizcə gənclərimizin intellektual səviyyəsi nə yerdədi?- Bu gün çox güclü gənclik gəlir. İndi bizim dövrün gəncliyindən qat-qat üstün, kifayət qədər informasiyası olan gənclik var. Mütaliə baxımından indiki gənclər az kitab oxuyur. Amma mən düşünürəm ki , müəyyən sitatlar oxumaqla da dünyagörüşü formalaşa bilər. Özüm də şahidi oluram ki, kifayət qədər oxuyan gənclər var. İntellektual səviyyənin dərinləşdirilməsində, dünyagörüşünün formalaşmasında sosial şəbəkələrin mühüm rolu var. Azərbaycanın gələcəyinə mən ümidlə baxıram ki, bu gənclik çox şey eləyəcək.

-Nə üçün Azərbaycanda qəzet oxuyanların sayı hər gün azalmaqdadır? Axı digər ölkələrdə internet daha yaxşı inkişaf edib. Buna baxmayaraq orada nə qəzet, nə də ki kitab oxuyucularının sayı azalmır.- Sovet dövründə qəzetlər 70 il yalan danışdı. Azərbaycanda da bu qəzetlərə qarşı mənfi fikirlər yarandı. Sonradan gələn qəzetlər dəyişikliklər edərək yeni inqilab, yeni nəfəs yaratdılar. Həmin dövrdə QXYK –nin ( red : “Qarabağ Xalq Yardım Komitəsi” ) çap etdirdiyi “Azərbaycan” qəzetinin neçə min tirajı var idi. Amma daha sonra Qəzet jurnalistikasında elə də inkişaf olmadı. Analitik, ağıllı yazılara az yer verildi. Ona görə də oxucular şablonlaşmış məsələlərə vaxt itirmək istəmirdilər. Türkiyədə görürsünüz , qəzetlər kütləvi şəkildə oxunur. Bunun üçün oxucu ilə işləmək lazımdır. Bizim qəzetlərimiz oxucu ilə az işləyirlər.

- Rayonlarda qəzetin az satılması ilə bağlı nə deyə bilərsiz? Rayon sakinləri qəzet oxumaq istəmirlər ya necə?

- Bu barədə heç nə deyə bilmərəm. Statistika aparmamışam. Bəlkə çox oxunur? Bu mənə də qaranlıqdır.

- Bu gün gənc jurnalistlər nədənsə qəzetdə işləmək istəmirlər. Əksəriyyəti internet və televiziya sahəsinə yönəlir. Bunun səbəbi nədir?

- Elektron kütləvi informasiya vasitələri daha çevikdirlər,informasiyanı daha tez çatdırırlar. Bu informasiyanı dərhal çatdırmaq effektindən irəli gəlir.

- Sizcə ölkəmizdə söz azadlığı mövcuddur? Sizə senzura tətbiq olunmur ki?- Olmasaydı bu sualı verə bilərdiz? ( red : gülümsəyir) Mənə heç bir senzura tətbiq olunmayıb. Öz siyasi fikirlərim, baxışlarım var. Onları mən həmişə söyləyirəm.

- Bir az da “ Açıq söhbət “ verilişindən danışaq. Sizcə tərəflər lazımi qədər “açıq” söhbət edə bilirlər?

- Hər halda mövzu ilə bağlı kifayət qədər sərt və açıq çıxışlar da olur. Mən hesab edirəm ki, öz fikirlərini çatdıra bilirlər.

- Nə üçün efir zamanı aqressiyanız ön plana keçir? Bunu özünüz istəyirsiz?- Təbii. Hər bir aparıcının sosial maskası var. Sosial maska bir neçə suala cavab verməlidir : Mən kiməm? Nə istəyirəm? Bura nə üçün çıxmışam?Bu sosial maska həmin aparıcının xarakterini formalaşdırır. Yumuşaq danışan var, sərt danışan var, gülə-gülə danışan var. Bizdə mövzu açıq danışmaqla bağlıdır. Məcbursan ki, qonağın üstünə gedəsən, o, emosiyasının axarında, fonunda hər şeyi açıb-töksün. Bu sosial maskanın tələbidir.

"Azərbaycan televiziyası" (2005), "Televiziya nəzəriyyəsinin əsasları" (2011) kitablarının müəllifisiz. Yeni planlarınız var?- 3 kitabım hazırdır. Biri artıq çap olunub. İkisi isə çapa hazırlanır. Onlardan biri sırf teatr haqqında yazdığım məqalələr,resenziyalardan ibarətdir. Digəri sırf Televiziyada aparıcılığın əsas istiqamətləri, peşənin tələbləri haqda dərslikdir. Üçüncü kitabım isə Azərbaycan Televiyasının təhlilidir. Bu daha çox praktik kitabdır. Burada müxtəlif verilişlər haqqında rəylərə yer verilib.

- ATV-dən ayrıldıqdan sonra həmişə yeni layihələrim var deyirdiz. Bunlar nələr idi?

- Ondan sonra “ Azərbaycan xalçaları” jurnalında baş direktor vəzifəsində çalışdım. Publika.Az-a qədər mən elmi fəaliyyətlə məşğul oldum, doktorluq dissertasiyamı bitirdim. “ Azərbaycan xalçaları” jurnalı böyük bir layihə idi. Hesab edirəm ki, biz orda böyük uğurlar əldə etdik. Orda İrəvan xalçaları ilə bağlı kitabımız çıxdı. Bu çox unikal bir tədqiqat işi idi. Bir il yarım bu layihə üzərində çalışdıq. Çox sanballı bir kitab meydana çıxdı. Hər halda kitabın çəkisi 8 kiloqramdırsa, demək sanballıdır.

-Publika.Az-da daha çox maqazinləşdirilməyə meyllilik var idi. Bu nədən qaynaqlanırdı?

- Biz burada balansı qoruyurduq. Sadəcə olaraq maqazin xəbərləri daha çox oxunurdu. Biz burda iqtisadiyyat, sosial, siyasət xəbərlərinə də yer verirdik. Yəni balans qorunurdu.Orxan Cuvarlı

OXŞAR XƏBƏRLƏR