"Onlar Əfqanıstanda terror hakimiyyəti quracaqlar, əsas günahkar ABŞ-dır"

"Onlar Əfqanıstanda terror hakimiyyəti quracaqlar, əsas günahkar ABŞ-dır"
DÜNYA
13:40 16.08.2021
1352
""Taliban” Əfqanıstan dövlətini yıxıb hakimiyyəti əldə aldı. Bunlar İŞİD-dən də təhlükəlidilər. Əfqanıstan bu gün qeyri-legitim sayıla biləcək hakimiyyət qüvvələrinin əlindədir”.

Bu sözləri AZXEBER.COM-a Əfqanıstanda son hadisələri şərh edərkən politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, bu məsələdə ABŞ başlıca günahkardır:

"Ölkə yenidən şəriyyət qanunlarına qayıdacaq. Çünki "Taliban” artıq bir dəfə hakimiyyətdə olub və o dövrdə əhaliyə, insanlara, xüsusilə qadınlara nə etdikləri bəllidir. Bütün bu hadisələrin baş verməsində ilk növbədə ABŞ-ı və onun başına gəlmiş yaşlı Co Baydeni günahkar görürəm. ABŞ-ın əlində Mərkəzi Kəşfiyyat İdarəsi var. Onlar yazıq bir xalqı bir dəstə quldurun əlinə verilməsinə mane olmalı idi. Hadisələr çox təhlükəli bir istiqamətdə irəliləyir. Bu adam yeyən, insan qanına susamış cəlladlar yəqin ki, Əfqanıstanda bir terror hakimiyyəti quracaqlar. Yenə də İŞİD-çilər, Əl-Qaidəçilər, yəni terroristlər buraya toplanacaq. Onlar qonşu dövlətlərə ziyan vurmağa çalışacaqlar, dünyada daha çox terror hadisələri törətməyə başlayacaqlar. Buna bəzən də nail ola biləcəklər. Bu nöqteyi-nəzərdən hadisələrə seyrçi münasibət bəsləyən Rusiyanı da, Çini də qınamaq lazımdır. Çünki bu proseslər strateji maraqların kəsişdiyi bir ərazidə cərəyan edir”.
 



Qabil Hüseynli onu da qeyd bildirib ki, Azərbaycanın Əfqanıstanla heç bir münasibəti olmayacaq:

"Azərbaycanın Əfqanıstanla normal münasibətləri var idi. Biz Türkmənistanla birlikdə Əfqanıstan üzərindən dəmir yolu çəkilişi üzərində düşünürdük, müqavilə də imzalanmışdı. Amma bundan sonra daha hansı əlaqələrdən söhbət gedə bilər? Onlar siyasətin nə olduğunu nə qanır. Hardan bilirlər, dünya iqtisadiyyatına inteqrasiya etmək nədir. Qapalı bir məkan quracaqlar, heç bir dövlət də onları tanımayacaq. Azərbaycan da onlarla heç bir əlaqə saxlamayacaq. Çünki qeyri-legitim, qeyri-qanuni bir hakimiyyətdir”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR