“Həmişə Azərbaycanda reallaşdırılacaq beynəlxalq əhəmiyyətləri tədbirlərdən əvvəl dünyanın bir sıra ölkələrindən olan qüvvələr, müxtəlif beynəlxalq QHT-lər, erməni və ermənipərəst qüvvələr fəallaşırlar”. ABŞ Dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən Azərbaycana qarşı başladılmış kampaniyaya münasibət bildirən YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə deyib.
AZXEBER.COM xəbər verir ki, olaylar-a açıqlamasında V.Rəhimzadə bildirib ki, 2011-ci ildə Azərbaycanda keçirilən “Avroviziya” mahnı müsabiqəsindən əvvəl də ölkəmizə qarşı bu cür kampaniyalar təşkil edilib. O, belə halların baş qaldırmasının təəssüf hissi doğurduğunu deyib: “Həmin qüvvələrin Azərbaycanda olan bəzi əlaltıları satqın, xəyanətkar insanlarla əlbir olaraq, ölkəyə qarşı “qarayaxma kampaniyası”nı həyata keçirməyə cəhd göstərirlər. Məlum olduğu kimi, bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycanın iqtisadi gücü və siyasi nüfuzu həmin qüvvələri narahat edir. Azərbaycan dövləti daxili və xarici siyasətdə də böyük uğurlara imza atıb. Hər ay, hər il Azərbaycan möhtəşəm tədbirlərə evsahibliyi edir. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi təkcə Azərbaycan və Avropa tarixi üçün yox, dünya tarixi üçün böyük hadisədir. Bu həm də, dünyanın Azərbaycana olan inamının təzahürüdür. Buna görə də, dünyanın aparıcı ölkələri və beynəlxalq qurumları oyunların Azərbaycanda keçirilməsinə qərar verdilər. Bir çox ölkələr belə mötəbər oyunlara hazırlıq prosesini uzun müddətə keçirlər. Lakin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarının verilməsindən qısa müddət sonra, Azərbaycan müasir şəkildə yeni idman komplekslərini inşa etdi, yeni infrastruktur layihələri yaratdı. Turistlər və idmançıların qalmaları üçün çox gözəl şərait hazırlandı. İndi buna qısqanclıqla yanaşan ermənipərəst qüvvələr var. Con Kerri bununla erməni diasporunun təsiriləri altında fəaliyyət göstərdiyini bir daha açıq formada ortaya qoyur. Con Kerri və Avropadakı digər ermənipərəst qüvvələrin Azərbaycanla bağlı hazırladıqları planlar yalnız düşüncə formasında qalacaq. Çünki Azərbaycanın belə kampaniyaların qarşısını almağa gücü var. Onların məqsədi inkişaf etmiş Azərbaycanı gözdən salmaq, Azərbaycanda sabitliyi pozmaqdır. Lakin onlar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı onun iqtidarının arxasındadır, birlikdə olan bu güc əvvəllər də olduğu kimi onların arzularını ürəklərində qoyacaq. Amerika isə “sülh” apardığı ölkələrə yalnız bədbəxtlik gətirib. Lakin onun Azərbaycana qarşı planları baş tutmayacaq, Azərbaycan özünü müdafiə edəcək qüdrətə sahibdir”.