“Onu ev paltarındaca əməliyyat ediblər...” - 3 uşaq anasız qaldı

“Onu ev paltarındaca əməliyyat ediblər...” - 3 uşaq anasız qaldı
SOSİAL
00:15 14.01.2017
11141

Həkim Vüsalə Məmmədovaya cərrahi əməliyyatın qaçılmaz olduğunu demişdi. Ondan bir gün əvvəl əməliyyatı icra edəcək cərrahın göstərişi ilə bütün analizlərdən də keçmişdi. Cavablar qənaətbəxş olduğundan 5 nömrəli Şəhər Klinik Xəstəxanasının cərrahı Anar Mehdiyev əməliyyatı fevralın 11-ə təyin etmişdi.

Bu yay Vüsalə 32 yaşını tamamlayacaqdı. 3 balasını evdə - qayınanasına əmanət edib gəlmişdi əməliyyata.

Saat 10:20-də Vüsalə əməliyyata götürülür. Qapı dalında isə onu həyat yoldaşı Şaqif və anası Tamilla Məmmədova gözləyirdi. Əməliyyatdan əvvəl cərrahın "20 dəqiqəlik işdi”, dediyi əməliyyat bir saatdan çox çəkir. Nəhayət, 1 saat 20 dəqiqədən sonra Vüsalənin əməliyyatı bitir, onu əməliyyat otağından xərəkdə çıxarırlar. Həyat yoldaşının sözlərinə görə, əməliyyatdan çıxanda Vüsalənin rəngi qaralıbmış.

 - Yoldaşım beldən keyitmə üsulu ilə narkoz almışdı. Anestezioloq yoldaşıma baxdı, əliylə ölçdü, dedi, heç bir problem yoxdu. Anar həkimi əvvəldən də tanıyırdım. Oğlumu sünnət etmişdi. Mənə çox asan əməliyyat olacağını demişdi. Vüsalə evdən çıxanda uşaqlara dedi ki, axşama evdəyəm, darıxmayın. Amma əməliyyat uzun çəkdi. Reanimasiyaya qaldıranda Vüsalənin rənginin qaraldığını gördüm. Bizi içəri buraxmırdılar. Zorla girdik. "Vəziyyəti 99 faiz pisdi. Yaşaması üçün 1 faiz ümid var”, - dedilər. Yarım saat keçmişdi, xəbər verdilər ki, Vüsalə ölüb. Meyitini çıxarıb dəhlizə qoydular. Dedilər, Təcili Yardım maşını tapıb aparın. Anar həkim isə təşviş içində gəlib pulu qaytardı.

- Hansı pulu?

- Əməliyyatı etməsi üçün bizdən 350 manat almışdı. Onu qaytardı. Dedi, mənlik deyil. Ayağında tromb varmış, vurub ürəyinə. Əməliyyatdan əvvəl bütün analizləri vermişdik. Tromb-filan çıxmamışdı. Lap tutaq ki, vardı, onda niyə əməliyyat edirdi? Ayağına trombun hərəkət etməməsi üçün tibbi corab da geyindirməmişdilər. O qalsın, heç qasıq yırtığı kimi əməliyyatdan əvvəl xəstəxanan paltarı da geyindirməmişdilər. Vüsalə elə öz paltarında əməliyyat olmuşdu.

Həmin gün Vüsalənin meyitini evinə gətirilir. Axşam saatlarında onların evinə Nərimanov rayon Polis Bölməsindən və prokurorluğundan nümayəndələr gəlir.

- Vüsalənin ölümü ilə əlaqədar cinayət işi açacaqlar. Onlar bizə dedilər ki, meyiti sizə verməzdən əvvəl ekspertizadan keçməli idi. Nahaq sizə veriblər.

Xəstəxanadan verilən sənəddə Vüsalə Məmmədovanın ölüm səbəbi kimi ağciyər tromboemboliyası göstərilir.

Xəstəxanadan Vüsalənin ayağının birinin  diametrinin digərindən böyük olduğu deyilib. Ailəsinin iddiasına görə, bu yalandır. Vüsalənin əməliyyata qədər ayaqlarında heç bir problem olmayıb:

- Nə edilibsə, xəstəxanada ediblər. Biz ayrı həkimdən maraqlandıq ki, hansı halda tromb hərəkət edə bilər? O bizə izah etdi ki, ya narkoz yuxarı dozada vurulub, ya da iynə arterial damara düşüb. Vüsaləyə narkoz onurğa sümüyündən vurulub. Beldən aşağı keyidilib. Bəs niyə əməliyyatdan çıxanda Vüsalə özündə olmayıb? Meyitini yuyanda gördük ki, baldırında kəsik izi var. Ekspertizada Ceyhun həkim bizə dedi ki, hansı yana fırlansa, həkim səhlənkarlığı var.

Ailə üzvlərinin dediyinə görə, əməliyyatdan sonra xəstəxanada xadimə işləyən qadın deyib ki, rəhmətlik özünü bir az yorğun hiss elədiyini deyib və uşaqlarını soruşub. Ancaq onlar buna inanmır. Vüsalənin əməliyyatdan çıxanda artıq ölmüş olduğunu düşünürlər. Buna görə də, onun rəngi qaralmış olub. Sadəcə, vaxt qazanmaq üçün mərhumun ölüm xəbərini ləngidiblər.  

Qayınanası Sayalı Məmmədova Vüsaləni reanimasiyada görüb:

- Ağzında şlanq vardı. Amma tərpənmirdi. Ölü kimiydi. Hündür boylu həkim vardı. Adını bilmədim. Deyəsən, narkoz verən idi. Soruşdum, o mənim gəlinimdi, vəziyyəti necədi? Dedi, yaxşı deyil.  

Beləliklə, Vüsalənin meyiti ekspertiza olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə aparılır. Oradan arayış alındıqdan sonra Vüsalə fevralın 12-də dəfn edilib.

Biz yas çadırına girəndə Şaqif 3 balasını başına yığıb, təsəlli edirdi. Baxış ailənin böyük uşağıdır. 12 yaşı var. Mədinənin 10, Xədicənin isə 3 yaşı olacaq. Xədicə dünəndən bəri anasını axtarır. Dünən televizorda anasının şəklini görəndən sakitləşib. Nə baş verdiyini anlamır hələ. Anasının yolunu gözləyir. Ağlamaqdan gözləri qan çanağına dönmüş Mədinə durub-durub kövrəlir. Hər dəfə atası qızının əllərini ovcunda sıxıb sakitləşdirir.

Şaqif ustalıq edib ailəsini dolandırır. Rəhmətlik Vüsalə isə kosmetik şirkətin məhsullarını sataraq ərinə dəstək olurmuş. Qasıq yırtığı xeyli vaxtdan bəri olsa da, ağrıları son 7-8 ayda yaranıb. Həkimlər son hamiləliyi səbəb gətirib.

Məmmədovanı əməliyyat edən cərrah Anar Mehdiyev Lent.az-a açıqlamasında bildirib ki, əməliyyatdan əvvəl bütün analizlər götürülüb: "Vüsalə Məmmədova qasıq yırtığının əməliyyatından əvvəl bütün analizləri verib. Onun arteriya damarlarında laxtalanma var idi və bununla bağlı da lazımı profilaktika da həyata keçirilmişdi. Əməliyyat özü də elə ağır əməliyyat deyildi, qısa zaman ərzində həyata keçirilən əməliyyat idi. Amma hələ də bizə qaranlıq olan səbəblərdən tromboemboliya baş verdi və trombların qalxması nəticəsində xəstənin ürəyində problem yarandı. Hər şey ildırım sürəti ilə baş verdi. Əməliyyat zamanı hər hansı qanaxma baş verməyib və ölüm faktının səbəbi ekspertizanın rəyi nəticəsində dəqiqləşəcək”.

Ekspertizanın rəyi isə 20 gün sonra, fevralın 1-də məlum olacaq. Şaqif Məmmədov Vüsalənin ölümündə həkim səhlənkarlığı olduğuna inanır və ekspertizanın bunu ortaya çıxaracağını ümid edir. 3 azyaşlı uşağın anasız qaldığı o əməliyyat otağında nə baş verdiyini bilmək istəyir.

 


OXŞAR XƏBƏRLƏR