Dünya ictimaiyyətinin artan təzyiqlərinə baxmayaraq, Suriyada vəziyyət gərgin olaraq qalır. Müxalifət fəallarının verdiyi məlumata görə, ötən gün rejim qüvvələri ölkənin müxtəlif yerlərində intensiv reydlər apararaq xeyli sayda həbslər həyata keçiriblər. Bir çox şəhərin raket zərbələrinə məruz qaldığı bildirilir. Suriya İnsan Haqları qrupunun verdiyi məlumatda isə üsyançılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş sonuncu qarşıdurmada azı 13 nəfərin öldürüldüyü qeyd edilir.Hakim qüvvələr jurnalistlərin sərbəst şəkildə fəaliyyətinə imkan vermədiyi üçün fəallar ölkədə davam edən zorakılıq hallarını həvəskar çəkilişlərlə işıqlandırmağa çalışırlar. Homs şəhərinin Əl-Xalidiyyə qəsəbəsində çəkilmiş sonuncu kadrlarda şəhərdə partlayış səslərinin davam etdiyi nümayiş etdirilib. Dəraa və Rəstan şəhərlərində çəkilən görüntülərdə də analoji vəziyyətin hökm sürdüyü göstərilib.Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Suriyada ötən ilin mart ayından etibarən başlayan iğtişaşlarda 9 mindən çox insan öldürülüb. Müxalifət isə yüzlərlə insanın həbs edilərək işgəmcələrə məruz qaldığını bildirir. Ölkəni tərk edən insanlar isə qonşu Türkiyə və İordaniyaya üz tuturlar. Təkcə, Türkiyədə yerləşdirilən qaçqınların sayı 20 mini ötüb.Onu da nəzərinizə çatdıraq ki, 3 gün öncə Türkiyədə keçirlən "Suriyanın Dostları" konfransında ölkədə zorakılığa son qoymaq və sülhə nail olmaq üçün Suriya rejiminə aprel ayının 10-na kimi vaxt verilib. Müxalifət isə planların təsirsiz olduğunu, gec qəbul edildiyini və onun tərkibində Bəşər Əsədin hakimiyyəti tərk etməsi şərtlərinin nəzərdə tutulmadığını bildirib.Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Suriya rəsmilərindən aldığı məlumata görə, artıq sülh planı icra edilməyə başlayıb və hökumət qüvvələri nisbətən sakitlik hökm sürən şəhərlərdən geri çəkilir.