Orduxan AND rəhbərliyinin gözü qarşısında niyə döyüldü?

Orduxan AND rəhbərliyinin gözü qarşısında niyə döyüldü?
SİYASƏT
18:10 04.02.2019
11195
Avropanın göbəyində AND (Azərbaycan Naminə Demokratiya) adlı bir qurum yaradaraq demokratiya uğrunda mübarizə apardıqlarını bildirən bir qrup azərbaycanlı soydaşımız Azərbaycan Respublikası hakimiyyətini söymək, təhqir etmək və üzdə insan haqları uğrunda mübarizə apardıqlarını elan ediblər. AND-nin rəhbərliyi və siyasi ruporu olan "Meydan TV”, "Turan TV” və digər KİV-lərin gözü qarşısında 26 yanvar 2019-cu il tarixdə Hollandiyada yaşayan Orduxan Teymurxan (Bəbirov) qondarma "TMMH”-nin (Talış-Muğan Mühacir Hökuməti) adından çıxış edən qoçular tərəfindən döyülmüşdür.

Təxribatlar öncədən hazırlanmışdı

13 yanvar 2019-cu il tarixində Rusiyada yaşayan etnik separatizmi ideyasının tərəfdarı kimi özünü təqdim edən Cahid Kamal (Hüseynov) adlı birisi "tolıshstan.com” saytı vasitəsilə qondarma "TMR prezidenti” Əlikram Hümbətovun müdafiəsinə qalxaraq Orduxan Teymurxana xəbərdarlıq etmişdi. Bunun ardınca separatizm ideyasını müdafiə edənlər də sosial şəbəkələrdə bu məsələdə həmrəy olduqlarını elan etmişdilər.

26 yanvar 2019-cu il tarixdə Almaniyanın Frankfurt şəhərində AND-nin iclası zamanı özlərini talış icmasının nümayəndəsi kimi təqdim bir qrup edən şəxs qondarma "TMR” prezidenti Əlikram Hümbətovun havadarı rolunda çıxış edərək AND rəhbərliyinin gözü qarşısında Orduxan Teymurxanı (Bəbirov) döymüşlər. Bu barədə ermənilərə məxsus və Azərbaycanda separatizm ideyalarını təbliğ edən "fenix.press” agentliyinin Azərbaycan dilindəki xəbər xidməti hətta geniş reportaj da yaydı. AND rəhbərliyi sıravi üzvünə qarşı tətbiq olunan antiinsani davranış barədə susmağa məcbur olub. Çünki bir sıra beynəlxalq fondlardan "qrant” alaraq müftəxorcasına yaşamaq marağı onların "demokrat”lığını, "vətənpərvər”liyini içlərində boğmağa məcbur etdi. (https://fenix.press/AZ/archives/1031?fbclid=IwAR2GzWmVz997Z3JRwpNe0MnCfRz4m3-9zNUhzhlWVkGvyCdYWGcd_qQFzJM).

Almaniyada Orduxan Teymurxana qarşı gündəmə gələn belə bir rəzalətdən əksər soydaşlarımız üzlümüş durumdadırlar. Mühacir həyatı yaşayan həmvətənlərimizə gələcəkdə Azərbaycanda "cənnət” vədi verərək öz tərəfdarına çevirmək istəyən siyasi avantüristlərə bundan sonra kimsə inanmayacaq. Çünki....

Orduxan Teymurxanın 6 yanvar çıxışı

6 yanvar 2019-cu ildə Orduxan Teymurxan (Bəbirov) sosial şəbəkələrdə Avropada qondarma "TMR” (Talış-Muğan Respublikası) ideyasını təbliğ edən Əlikram Hümbətovu tənqid etmişdi.

7 yanvar 2019-cu il tarixində onun bu çıxışına qarşı ilk reaksiya Rusiyada yaşayan və dolayı yolla etnik separatizm ideyalarını dəstəkləyənlərdən gəldi. Onların məqsədi mənsub olduqları icmanın mənafeyini müdafiə etmək deyil. Avropada yaşayan əksər soydaşlarımız çox yaxşı bilirlər ki, bu gün Əlikram Hümbətov və onun elan etdiyi qondarma "TMMH” (Talış-Muğan Mühacir Hökuməti) adından əməlli başlı reket siyasəti yürüdülür. Özlərinə Azərbaycanda, Rusiyada, Ukraynada, nə də MDB (Müstəqil

Dövlətlər Birliyi) məkanında normal həyat qura bilməyən bəzi soydaşlarımız Əlikram Hümbətovun "tərəfdarı” kimi özlərini təqdim etməklə Avropada siyasi sığınacaq alaraq müftəxorcasına yaşamaq istəyirlər. Ə. Hümbətovdan "razılıq” sənədini almaq azından 10-15 avro min rüşvətin (xərac) sayəsində başa gəlir. Ə. Hümbətov da "TMMH”-nin bürokratik aparatının saxlanılması adı ilə xəracı almaqda davam edir. Avropada mühacir statusu alan bu bədbəxt insanlar sonradan orada Ə. Hümbətovun kriminal qruplaşmasının şərtləri daxilində hərəkət etməyə məcbur olurlar. Çünki istənilən an Əlikram Hümbətov onları provakasiyalara cəlb edərək deport olunmaları barəsində başqa bir "arayış”ı gündəmə gətirə bilər.

AND-ni Əlikram Hümbətovla birləşdirən səbəblər

Heç kimə sirr deyil ki, AND-nin rəhbərliyində təmsil olunanlardan biri də Seyran Rəfiyev adlı birisidir. O, əvvəllər Azərbaycanda süni şəkildə etnik separatizm ideyalarını müdafiə edənlərdən biri olub. Avropaya da məhz Əlikrəm Hümbətovun dəstəyi ilə mühacirət edib. Hazırda AND-də Əlikram Hümbətovun nümayəndəsi kimi iştirak edir. Məhz Seyran Rəfiyevin sayəsində AND-nin beynəlxalq təşkilatlar üçün hazırladığı "siyasi məhbuslar” siyahısında separatçıların və İran cəsuslarının, radikal islamçıların, Konstitusiyanı dəyişdirərək şəriət qanunları ilə olunan dövlət modelini təbliğ edənlərin adları öndə gedir. Bu, bir yandan AND rəhbərliyinə, digər yandan isə, "TMR” ideyalarını təbliğ edənlər üçün sərfəli bir taktikadır. Ona görə ki, "siyasi məhbuslar”ın siyahısının nə qədər uzun olması, digər yandan Ə. Hümbətovun mənafeyinin güclənməsi kimi vacib şərtdir. Beləliklə də hər iki qruplaşma donor olaraq insan haqları adı altında istədikləri qədər qrantlar almaq imkanı əldə edirlər.

Qeyd edək ki, son zamanlar BMT, ATƏT və Avropa Birliyi miqyasında milli azlıqlarla bağlı bir sıra addımlar atılmaqdadır. Bunun əsas səbəbi beynəlxalq səviyyədə "milli və dini azlıqlar” adı altında tüğyan edən "terrorizm”in qarşısının alınmasıdır. Dolayı yolla bu Dağlıq Qarabağdakı hərbi xuntanın tamamilə çöküşünə hesablanmış addımlardan biridir. Qondarma "DQR” rejimi və Azərbaycan Respublikasına qarşı düşmən mövqedə olan bir sıra ölkələr təzyiq siyasətini gücləndirmək, öz strateji maraqlarını təmin etmək üçün digər "etnik separatizm” prosesinin gündəmdə olmasında maraqlı tərəf kimi çıxış edirlər. Bunu xüsusilə İran İslam Respublikasının Azərbaycana olan münasibətində daha çox müşahidə etmək olar. Beləliklə də AND və qondarma "TMMH” tipli qurumlar asanlıqla həmin çevrələrin tilovuna düşürlər. Orduxan Teymurxan (Bəbirov) qondarma "TMMH”-nin (Talış-Muğan Mühacir Hökuməti) adından çıxış edən qoçular tərəfindən döyülməsi olayı buna bariz nümunədir.
OXŞAR XƏBƏRLƏR