Osman Gündüz: “Təhlükəsizlik Mərkəzinin ciddi fəaliyyəti olmalıdır”

İQTİSADİYYAT
13:40 19.11.2014
2637
“Azərbaycanda elementar informasiya qaydalarına riayət olunmaması səbəbindən kompyüterlərə zərərli vurislar yüklənir və yayılmağa başlayır. Bu dayanıqsızlıq mühiti yaradır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Elektron Təhlükəsizlik Mərkəzinin bu sahədə ciddi fəaliyyəti olmalıdır. Hansı ki, hələlik belə bir fəaliyyəti müşahidə etmirik”.
Bu fikirləri AZXEBER.COM-a İnternet Forumun prezidenti Osman Gündüz Azərbaycanda internet istifadəçilərinin 43,50 faizinin internet vasitəsilə virusa yoluxma riski ilə üzləşməsi barədə "İnformasiya təhlükələrinin inkişafı" icmalında açıqlanan məlumatları şərh edərkən söyləyib.
Azərbaycanda internet istifadəçilərinin 43,50 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib. Bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2014-cü ilin üçüncü rübün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir. İcmala görə, cari ilin II rübü ilə müqayisədə bu göstərici 6,2 faiz artıb. İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında üçüncü yeri tutur.
TOP 10-na 46,68 - 30,05 faizlə daxil olan ölkələr - Rusiya, Qazaxıstan, Azərbaycan,Ermənistan, Ukrayna,İran, Vyetnam, Belarus, Moldova və Əlcəzairdir.
Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə, həmçinin Tacikistan, Qırğızıstan, Monqolustan, Qətər,Özbəkistan, Gürcüstan, Türkiyə, BƏƏ, İndoneziya və Almaniya daxildir.
İnternet istifadəçilərinin riskə daha az meyilli olduqları ən təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,5 faiz), İsveç (12,4 faiz), Danimarka (13.2 faiz), Yaponiya (13,3 faiz), CAR (16,0 faiz), Finlandiya (16,1 faiz) və Niderland (16,6 faiz).
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.
2014-cü ilin III rübündə "Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrinə yerləşdirilmiş internet resurslardan həyata keçirilən 367 mindən çox hücumu dəf edib.
Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin kompüterində təqribən 1,3 milyard virus hücumu aşkarlayıb. İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış zərərli hücumların sayı 26,6 milyonu ötüb.
O.Gündüz bildirib ki, Azərbaycanda elementar informasiya qaydalarına riayət olunmaması səbəbindən kompyüterlərə zərərli vurislar yüklənir və yayılmağa başlayır: “Bu dayanıqsızlıq mühiti yaradır. Ona görə də, vəziyyətdən çıxış yolu kimi istifadəçilərə mütəmadi məlumatlar verilməlidir. Məhz bu problemlərə qarşı mübarizə aparmaq üçün bu işə məsul Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Mərkəzin ən ümdə vəzifəsi istifadəçilərə internetdə olan təhlükələrin, hansı virusların olduğu, bu hallardan qorunmaq üçün nə etmək lazım olması barədə açıqlamalar verməlidir. Təhlükəsizlik Mərkəzinin bu sahədə ciddi fəaliyyəti olmalıdır. Hansı ki, hələlik belə bir fəaliyyəti müşahidə etmirik. Qurum tərəfindən son zamanlar müəyyən addımlar atılır, işlər görülür. Amma belə statistikaların açıqlanması göstərir ki, bu mühitdə təhlükə riski yüksəkdir. Qurum tərəfindən metodiki informasiya dəstəyi gücləndirilməlidir və eyni zamanda, istifadəçilər özləri təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR