Outlandish və mən: 10 yaşlı Ayşənin gərdək gecəsi (Ayşə mahnısı).
Keçən dəfəki yazımda sizə Outlandishlə bağlı olan xatirəmi yazmışdım. Bu qrup mənim həyatımı 11 yaşımdan bəri idarə edir. (Amma Ayşənin 10 yaşı var idi). Sanki zövqümü normal müsiqiyə kökləyir. 11 yaşımda məni hip-hop/R&B/soul music-lə tanış etdi. (Amma Ayşənin 10 yaşı var idi). Mən qrupun üzvləri İsam Bəşirini(Mərakeş), Vaqas Ali Qadrini(Pakistan), Lenny Martinezi(Honduras) və onların sayəsində yeni ölkələri tanımağa başladım.Təsəvvür edirsiniz 11 yaşımda Hondurası tanıyırdım özüdə coğrafiya kitabından yox 1 köçürmə audio kassetin üz qabığından.(Amma Ayşənin 10 yaşı var idi). Mənim 13 yaşım olardı 2000-ci il idi kimi yadımdadı. Azərbaycanda yayımlanan ORT rus kanalında bir klip görmüşdüm. Klipdə Khaled Aisha yazılmışdı sonda isə France-2000. Çox sevməyə başlamışdım bu musiqini. Sözlərini bilmirdim amma yalnız Ayşə yerini əzbərləyib bütün günü oxuyurdum. Hətta nənəmi bezdirmişdim bir gün günorta yuxudan durub məni də, Ayşəni də qəşəng söydü. Amma mən yenədə Zidane10 yazılan köynəyimi geyinib Avropa çempionatının finalına baxırdım. Və evdəkilərlə mərc gəlmişdim ki, Fransa udacaq. Hamı mənə Fransanın ermənipərəst olduğunu demişdi.Mən isə Zidanın,Xalidin,İsamın,Vaqasın və Ayşənin müsəlman olduğunu iddia etmişdim.Mərci mən uddum.Fransa 2 il sonra 2000ci ildə Avropa kubokunun qalibi olmuşdu. Həmin gün səhərə kimi qışqırmışdım. Səhər tezdən nənəm Ayşə sözünün əvvəlinə bir “f” hərfi artırıb Allah əlimizdən almır ki, dincələk deyərək namaza qalxmışdı. O vaxtlar nənəmin 70 yaşı olardı. (Amma Ayşənin 10 yaşı var idi). 2003-cü ildə mən 16 yaşımda Outlandish tərəfindən Aisha mahnısını ingilis dilində eşitdim. Və ilk dəfə 16 yaşımda Outlandishin danimarkalı 1 qrup olduğunu öyrəndim.Onda artıq internetdə İCQ-da, mİRC-də oturub qızlarla danışdığımız vaxtlar idi. Keçən yazımda bilərəkdən yazının səmimiyyətini qorumaq üçün fransız qrupu yazmışdım çünki 11 yaşımın xatirələrini yazırdım. Amma indi səhvimi düzəldirəm danimarkalı qrup çünki 16 yaşımın düşüncələrini 24 yaşımda yazıram.(Amma Ayşənin 10 yaşı var idi )Outlandish bu mahnını oxuyandan sonra 13 yaşımdakı Ayşə məhəbbəti yenidən alovlandı.Hətta o dərəcədə bu ada bağlanmışdım ki, məktəbdə görüşdüyüm Aysel adlı qıza tez-tez Ayşə deyirdim.Qız uşaqlarını hədsiz dərəcədə sevməyim, “A” hərfi ilə başlanan qız adlarına bağlılığım məncə Ayşə mahnısının təsirindəndi. 16 yaşlı məktəbli aşıq deyiləm artıq 8 il keçib və o qızı da unutmuşam. O qızın indi 22 yaşı var.(Amma Ayşənin 10 yaşı var idi.) Bu Ayşə əhvalatının da sonu 24 yaşımda düyünləndi. Oxuduğum 1 əbər xəbər başlığındakı Ayşə adı məni alt-üst etdi.Xəbəri olduğu kimi yerləşdirəcəm haqqlarını halal etsinlər. Ayşələr üçün edirəm ki, başqa Ayşənin başına gəlməsin.
10 yaşlı Ayşənin gərdək gecəsi
Yeməndə başlıq parası qarşılığında qoca kişiyəərə verilən qızın həyat hekayəsi dəhşətli 1 hadisədir.
Bir gün məktəbdən gətirilib başqa bir kəndə gəlin göndərilən 10 yaşlı Ayşənin ailə həyatı yemək bişirmək, paltar yumaq və yaşlı ərinin seksual ehtiyaclarını ödəməkdən ibarət olub. Ayşə zifaf gecəsini belə təsvir edib: “Yerə bir örtük sərdi, məni üzərinə uzandırdı. Qanama oldu. O qədər əzab çəkdim ki, ağlayıb-qışqırdım. O gündən bəri ərimi ölüm zənn edirəm”.
Bir həftə boyunca cinsi əlaqəyə girmək üçün Ayşəni döyən əri 10 yaşlı qızın göz yaşlarından bezərək qaynatasını çağıraraq ondan qızlarını geri aparmağı və 1000 dollar civarındakı başlıq parasını qaytarmağı tələb edib. Bu tələblə razılaşmayan ata Ayşəyə dərman içirdərək əri ilə yatağa salıb. İki il dərmanla sakitləşdirilərək cinsi əlaqəyə zorlanan Ayşə bir gün evdən qaçıb. Hazırda 12 yaşı olan Yəmənli qızın ərindən boşanması müşkülə çevrilib. Belə ki, 15 yaşına qədər qızların evlənməsini qadağan edən Yəmən qadınları daha erkən nigahlara valideynlərin razılığı ilə izn verir, lakin belə hallarda boşanma üçün qızların 15 yaşına çatması şərtini irəli sürür.
Ayşənin vəkili Şada Nasir isə Ayşənin evləndirlmədiyini, sadəcə, təcavüzə məruz qoyulduğunu bildirir
Ayşələri qoruyaq. İstismar etməyək. Böyüsünlər, sevsinlər, sevilsinlər, ailə qursunlar,övlad,uşaq nəvə sahibi olsunlar və nəvələrini qarğıyaraq 70 yaşında namaza dursunlar.( Amma Ayşənin 10 yaşı var idi) ardı var... YAZININ BİRİNCİ HİSSƏSİ BURADA SƏNAN ƏLLƏZ