Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir

Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
DÜNYA
22:13 02.05.2025
531
Hindistan uzun müddətdir dövlət səviyyəsində terrorçuluqdan alət kimi istifadə edir.

Bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi səfir Asim İftixar Əhməd Nyu-Yorkda BMT-nin mənzil-qərargahında jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.

Səfir Əhməd Hindistanla artan gərginlik, Cəmmu və Kəşmirdəki son hadisələr və regional təhlükəsizlik məsələləri ilə bağlı sualları cavablandırıb.

Səfir bildirib ki, Pakistan BMT Baş katibi Antoniu Quterrişin Hindistanla Pakistan arasında artan gərginliyin azaldılması üçün vasitəçilik təklifini dəstəkləyir və bu təşəbbüsə müsbət yanaşır. O, Baş katibi bölgəyə səfər etməyə və durumu yerində qiymətləndirməyə çağırdıqlarını qeyd edib.

Hindistanın İslamabadı terrorçuluğu dəstəkləməkdə ittiham etməsinə münasibət bildirən diplomat deyib ki, Pakistan regionda sülh və sabitliyin tərəfdarıdır və dialoqa hər zaman açıqdır: "Yeganə həll yolu dialoqdur. Biz müzakirəyə hazır olsaq da, Hindistan bu fürsəti qiymətləndirmir”, – o vurğulayıb.

Səfir əlavə edib ki, Hindistan uzun müddətdir terrorçuluq bəhanəsindən öz siyasi məqsədləri üçün istifadə edir: "Pakistan özü terrorçuluqdan ən çox zərər çəkmiş ölkələrdəndir. Hindistan isə bu mövzunu manipulyasiya edərək öz qanunsuz addımlarını ört-basdır etməyə çalışır”.

2019-cu ildə baş vermiş Pulvama hücumuna toxunan diplomat Hindistanın həmin olaydan siyasi məqsədlər üçün istifadə etdiyini və avqustda Cəmmu və Kəşmirin xüsusi statusunun ləğv edilməsinin bölgədə gərginliyi daha da artırdığını bildirib. O deyib ki, Pakistan dəfələrlə Hindistanın Baloçistanda və digər bölgələrdə terrorçu fəaliyyətləri maliyyələşdirdiyinə dair sübutlar təqdim edib.

Cəmmu və Kəşmirdəki insan hüquqları pozuntularına da toxunan səfir Hindistanın bölgədə demoqrafik dəyişikliyə yönəlmiş siyasət apardığını söyləyib:

"2019-cu ildə 370-ci maddənin ləğvindən sonra minlərlə hind vətəndaşına Cəmmu və Kəşmirdə məskunlaşmaq üçün icazə verilib. Bu isə regionun demoqrafiyasını süni şəkildə dəyişmək cəhdidir, bu da BMT qətnamələrinə ziddir”.

Mətbuat konfransında səfir dünyada artan islamofobiya hallarına qarşı BMT-ni daha fəal mövqe tutmağa çağırıb və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nüvə təhlükəsi ilə bağlı suala cavabında isə Əhməd qeyd edib ki, Pakistan məsuliyyətli nüvə dövləti kimi silahları heç zaman təhdid vasitəsi kimi görmür:

"Biz ümid edirik ki, Hindistan da eyni məsuliyyəti nümayiş etdirəcək”, – o bildirib.

Xatırladaq ki, Hindistanın nəzarətində olan Cəmmu və Kəşmirin Pahalqam bölgəsində aprelin 22-də yaraqlıların turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çox sayda insan yaralanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR