Palçıqdan tikdiyimiz evlərə sığan uşaqlığımız…- Uşaqlığı kimlər əlimizdən aldı?

Palçıqdan tikdiyimiz evlərə sığan uşaqlığımız…- Uşaqlığı kimlər əlimizdən aldı?
SOSİAL
15:32 16.09.2026
185
Vaxtilə başımıza bantik bağlayıb məktəbə gedirdik. Kosmetikanın nə olduğunu bilmirdik. Yanaqlarımızı pazı ilə qızardar, gül ləçəklərindən dırnaq düzəldib özümüzü dünyanın ən gözəl qızı hesab edərdik.

Palçıqdan ev tikərdik. Yarpaqdan dolma bükərdik. Daşları oyuncaq, həyəti böyük bir dünya sanardıq. Əllərimiz çirk içində, dizlərimiz yara içində olardı. Amma üzümüzdə təbəssüm, gözlərimizdə uşaqlıq vardı.

Bizim "trend”imiz qonşunun qızı idi. "Vlog”umuz həyətə çıxıb rəfiqəmizə gün ərzində nə etdiyimizi danışmaq idi. "Bəyənmə”miz isə dostumuzun "sən çox gözəlsən” sözü olardı. 

İndi isə yeni tədris ilinin başlamasından cəmi iki gün keçib. İki gün…

Bir məktəbli elektron siqaretlə görüntülənir. Digər məktəbli məktəbə hazırlaşmasını makiyaj vloguna çevirir. Uzun "caynaqlar” isə artıq tamam başqa mövzudur. 

Biz nə vaxt dəyişdik?

Telefonlar bu qədər əlçatan olanda? Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevriləndə? Uşaqların dünyası artıq həyət, küçə və məktəb dəhlizindən çox ekranlara sığanda?

Halbuki uşaq bir az da palçıqdan ev tikməlidir. Yarpaqdan dolma bükməlidir. Dizini sıyırmalıdır. Üst-başını çirkləndirməlidir. 

Çünki uşaqlıq geri qayıtmır. Uşaqlığımız üçün burnumuzun ucu göynəyir. Sən ey uşaqlıq… Nə tez keçdin, nə tez uzaqlaşdın…

İndi geriyə dönüb baxanda anlayırıq ki, o palçıqdan evlər, yarpaqdan dolmalar, gül ləçəklərindən düzəltdiyimiz dırnaqlar nə qədər böyük xoşbəxtlik imiş.

Kimdir günahkar? 

Övladının davranışlarına göz yuman valideynlər? Sosial şəbəkələrin təsirinə düşən uşaqlar? Yoxsa nəzarəti və istiqamətləndirməni bacarmayan məktəb sistemi?

Bəlkə də günahkarı bir nəfərin, bir tərəfin üzərinə yükləmək ən asan yoldur. Əslində isə ortada daha böyük bir məsələ var: uşağın qarşısında məsuliyyət daşıyan böyüklər. 

Uşaqlar dəyişən dünyanın içində böyüyürlər. Onları bu dünyanın içində tək buraxmaq olmaz.

Çünki uşaqlıq məsuliyyətsizliyə buraxılacaq qədər uzun deyil, gələcəyin qayğısına qurban veriləcək qədər də dəyərsiz deyil.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR