"Pandemiyanın yayılmasına əsas səbəb verilən absurd qərarlardır" - Deputat sərt danışdı

SOSİAL
14:54 22.09.2021
1247
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın orta məktəblərində əyani tədris bərpa olunub. İlk olaraq ibtidai sinif şagirdləri, daha sonra isə yuxarı siniflər tədrisə başlayacaq. Sentyabrın 29-dan isə universitetlər əyani dərslərə başlayacaq.

Bəs uzun müddətdir pandemiya səbəbindən bağlı qalan məktəblərdə yoluxma hallarının artmaması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Milli Məclisini deputatı Fazil Mustafa AZXEBER.COM-a fikirlərini bildirib.
 
Deputatın sözlərinə görə, bu sahədə olan ciddi problemlər həll olunmalıdır:

"Məktəblərdə temperatur yoxlanılmalıdır, gigiyenik məhlulların olması vacibdir və şagirdləri bunlara alışdırmaq lazımdır. Bu qaydalara bütün subyektlər tərəfindən əməl olunmalıdır. Məktəb rəhbərliyi, təhsilin digər iştirakçıları bu məsələlərə nəzarət etməlidir. Çünki bunu təkcə inzibati qaydada gerçəkləşdirmək çətin olacaq. Biz bu məsələlərdə daha çox valideynlərin həssas olmasını vacib hesab edirik. Müəllimlərin qorunması üçün də lazımi işlər görülməlidir. Diqqət edirsinizsə, bizdə tədbirlərin əksəriyyəti yarımçıq şəkildə keçirilir. Məktəbə müəllimlərin vaxtında gəlib çatmasında da problemlər var. Avtobuslarla məktəbə gələn müəllimlərin yoluxma riski daha yüksəkdir. Baxmayaraq ki, təhsil strukturuna rəhbərlik edənlər hələ də anlamaq istəmirlər ki, müəllimin təminatı yüksək səviyyədə deyil. Onlar belə düşünürlər ki, hər bir müəllim məktəbə özünün şəxsi avtomobili ilə gələ bilir. Halbuki əksər müəllimin, ümumiyyətlə avtomobili yoxdur. Qadın müəllimlərin məktəbə gəlməsi olduqca çətindir.
 
Hətta şənbə günü ictimai nəqliyyatın işləməməsi müəllimlərə böyük zərbə vurur. Maddi imkanları da çatmır ki, taksidən istifadə etsinlər. Ona görə də kompleks düşünmək lazımdır. Hər məktəbin infrastrukturu ilə bağlı, müəllimlərin məktəbə yetişməsi ilə bağlı məsələləri həll etmək lazımdır. Eyni zamanda şagirdlərin məktəbə gəlməsi ilə bağlı məsələlərə baxmaq lazımdır. Məktəb bufetlərində çay, yemək yerləri daha səliqəli olmalıdır, çünki yoluxma riski buradan da daha çox qaynaqlanır. Bütün hallarda hər kəs qorunmağa çalışmalıdır. Çünki bir epizod baş versə, məcburdular ki, yenidən dayandırsınlar. Buna da yol vermək olmaz”.

Növbəti dəfə qapanmaya ehtiyac olmadığını deyən Fazil Mustafa pandemiyanın yayılmasına əsas səbəbin verilən absurd qərarlar olduğunu qeyd edib:

"Qapanmaya getməyə ehtiyac yoxdur. Vətəndaşın məsuliyyəti məsələsini ortaya qoymaq lazımdır. Camaat arxayınlaşır, yanında qohumu, yaxını ölür, yenə də deyir ki, bu xəstəliyin heç bir təsiri yoxdur. Ona görə də müəyyən təbliğat işləri gücləndirilməlidir. Amma ən böyük təhlükə də elə şənbə günü ictimai nəqliyyatın işləməməsidir. Sanki, pandemiyanı qəsdən uzatmaq üçün şənbə günü ictimai nəqliyyatın dayanmasını təmin edirlər. Halbuki belə olmamalıdır. Əksinə ictimai nəqliyyat həm yükü qaldırır, həm tıxacların qarşısını alır, həm də əhalinin hədsiz yoxsullaşmasına imkan vermir. Yüzlərlə insan bu günlərdə əziyyət çəkir, bazar günü bağlayırlar, bunu başa düşdük, heç olmasa şənbə günləri işləsin, çünki şənbə günləri insanlar dialezə gedir, tədbirə gedir. Sahibkarlar artıq soyulub qurtarıb, məcburdur ki, işçilərinə cibindən əlavə pul versin ki, onlar taksiylə işə gəlsin.

Deputat deyib ki, həftəsonu qadağası mütləq ləğv edilməlidir:
 
"Götürək süpürgəçiləri, onlar şənbə günləri məcburdular ki, taksi ilə işə gəlsinlər. Süpürgəçinin taksiyə verməyə pulu varmı? Məltəb də eyni vəziyyətdədir. Hamını düşünmək lazımdır. Burada təkcə kiçik bir dairəni nəzərə almaq lazım deyil. Əhalinin bütün təbəqələrini düşünmək lazımdır. Yoxsa kimsə oturub Operativ Qərargahda öz ağılı kəsən formada qərar qəbul edəcək, axı vətəndaş burada zülm çəkir. Sən şənbə günlərini taksinin ümidinə buraxmalısan, buradan da taksi şirkətləri qazanır. Bəs bu camaat yazıq deyilmi? Qeyri-formal olsa belə, şənbə günləri hamı işləyir. Özəl yerlər işləyir. Ona görə də mən düşünürəm ki, pandemiyanın yayılmasına əsas səbəb verilən absurd qərarlardır. Bu qərar təcili dəyişməlidir, məktəblər də başladı, bu məhdudiyyət götürülməlidir. Boş bir şeydir ki, guya yoluxmanın qarşını alır, əksinə virusun vaxtının uzanmasına fayda verir. Bütün şəhər tıxac içində boğulur, nədir bunun sonu?"

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR