Fransa paytaxtındakı “Palais des Sports” idman kompleksində “Bastiliyanın məşuqələri” (“1789: Les Amants de la Bastille”) adlı müziklin məşqləri zamanı partlayış baş verib.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, müziklin tamaşaçılar qarşısında nümayişi zamanı istifadə edilməsi nəzərdə tutulan pirotexnika məşq sırasında partlayıb. Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Ölən şəxs səhnə işçisi olub. Yaralı halda xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yaralılardan 5-nin durumu ağırdır. Onlar arasında həm səhnə işçiləri, həm də teatr truppasının üzvləri var.
İlkin ehtimala əsasən partlayışa pirotexnik vasitələrin yanında hansısa elektrik cihazından istifadə edilməsi səbəb olub. Partlayışdan sonra bina qismən dağılıb və yanğın başlayıb. Yanğının söndürülməsinə 20 yanğınsöndürən maşın cəlb olunub. Fransanın daxili işlər naziri Manuel Vlas hadisə yerinə gedib.
Hadisə ilə bağlı araşdırma aparılır.