Parisdə zorakılıq hadisələri: mer Emmanuel Qrequar dövlətdən konkret tədbirlər və nəticələr tələb edib

Parisdə zorakılıq hadisələri: mer Emmanuel Qrequar dövlətdən konkret tədbirlər və nəticələr tələb edib
DÜNYA
04:36 19.10.2026
216
Paris şəhərinin meri Emmanuel Qrequar dövlət orqanlarını paytaxtda baş verən zorakılıq hallarına qarşı konkret addımlar atmağa çağırıb. O, "zorakılıq siyasi ifadə forması ola bilməz” deyə vurğulayıb.

Emmanuel Qrequar parisli sakinləri oktyabrın 19-da, bazar ertəsi, saat 12:00-da rayon meriyaları qarşısında toplaşmağa çağırıb.

Şəhər meri oktyabrın 17-də baş vermiş "qəbuledilməz dərəcədə ağır” zorakılıq hadisələrindən sonra axşam saatlarında yeni dağıntıların qeydə alınmasından "dəhşətə gəldiyini” bildirib. O, hadisə yerlərinə gedərək, zərər çəkmiş sakinlər və ticarət obyektlərinin sahibləri ilə görüşdüyünü, dağıntıların yaratdığı mənzərənin acınacaqlı olduğunu qeyd edib.

Qrequar, həmçinin zorakılığın dayandırılmasını istəyən hər kəsi bir araya gətirmək məqsədilə Paris meriyasının qarşısında toplantı təşkil edəcəyini açıqlayıb. Hökumətə müraciət edən mer bildirib: "İkigünlük zorakılıqdan sonra sadəcə qınama bəyanatları artıq kifayət etmir. Konkret addımlar, resurslar və nəticələr lazımdır”. O vurğulayıb ki, parisli sakinlərin təhlükəsizliyinin təmin edilməsi dövlətin öhdəliyidir və dövlət Parisin daha bir gecə zorakılıqla üzləşməsinə imkan verə bilməz.

Parisin azadlıq, müzakirə, səfərbərlik və etiraz şəhəri olduğunu xatırladan mer, eyni zamanda, zorakılığa alışmağın və onunla barışmağın yolverilməz olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada bahalaşmaya, yanacaq və enerji qiymətlərinin artmasına, alıcılıq qabiliyyətinin azalmasına və ictimai xidmətlərlə bağlı problemlərə qarşı ümummilli səfərbərlik keçirilib. Aksiyada keçmiş "Sarı jiletlilər”, məktəblilər, tələbələr, həmkarlar ittifaqlarının, o cümlədən Ümumi Əmək Konfederasiyasının nümayəndələri, təqaüdçülər və müxtəlif fəallar iştirak ediblər.

Bir çox yürüş sakit şəraitdə keçsə də, Marsel, Lyon, Limoj da daxil olmaqla bir sıra şəhərlərdə zorakılıq, mağazaların talan edilməsi, toqquşmalar və dövlət binalarına hücumlarla müşayiət olunan hadisələr baş verib.
 
///azərtac///
OXŞAR XƏBƏRLƏR