"Büdcədən siyasi partiyalara ayrılan məbləğin artırılması müzakirə edilə bilər".
Bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bir müddətdir ki, siyasi partiyalara ayrılan vəsait stabil olaraq qalır:
"Siyasi partiyalara ayrılan vəsaitin artırılmasını müzakirə edə bilərik. Buna uyğun təkliflər formalaşmalıdır".
Qeyd edək ki, büdcə zərfinin müzakirəsi zamanı Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev və Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Tənzilə Rüstəmxanlı siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif etmişdilər.
Xatırladaq ki, 2027-ci ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların, həmçinin Milli Məclisə keçirilən seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsinə 6 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib ki, bu, həm siyasi partiyaların inkişafına, həm də bütövlükdə cəmiyyətdə onların rolunun güclənməsinə müsbət təsir göstərə bilər:
"”Siyasi partiyalar haqqında” Qanuna əsasən, parlamentdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Yeni qanunvericiliyə uyğun olaraq, artıq yalnız parlamentdə təmsil olunan partiyalara deyil, parlamentdə təmsil olunmayan siyasi təşkilatlara da müəyyən meyarlar əsasında büdcədən maliyyə vəsaiti ayrılır. Uzun müddət ərzində siyasi partiyalar arasında bölüşdürülmək üçün dövlət büdcəsindən ümumilikdə 5 milyon manat vəsait ayrılırdı. Təxminən bir il əvvəl isə Prezident İlham Əliyev təşəbbüs göstərərək əlavə 1 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam imzaladı. Beləliklə, hazırda siyasi partiyalara ümumilikdə 6 milyon manat vəsait ödənilir.
Bu ildən başlayaraq parlamentdə təmsil olunmayan siyasi partiyalara da həmin vəsaitin müəyyən hissəsi ayrılır. Eyni zamanda, maliyyə vəsaitinin bölüşdürülməsində parlamentdəki təmsilçilik sayı da nəzərə alınır. Təbii ki, parlamentdə kifayət qədər böyük çoxluğa malik olan Yeni Azərbaycan Partiyasına ayrılan vəsaitin əhəmiyyətli hissəsi də bununla bağlıdır. Digər partiyalara da parlamentdəki təmsilçiliklərinə uyğun olaraq ödənişlər edilir”.
Deputat qeyd edib ki, bugünkü komitə iclasında keçirilən büdcə müzakirələri zamanı həmkarlarım tərəfindən bu vəsaitin artırılması ilə bağlı təklif irəli sürüldü:
"Maliyyə naziri Sahil Babayev də məsələyə müsbət yanaşdı. O bildirdi ki, əlavə vəsait ayrılmasının vacibliyi ilə bağlı məsələ gündəmə gələrsə, bunun reallaşdırılması və siyasi partiyalara ödənilən vəsaitin bir qədər də artırılması mümkündür. Təbii ki, bu, hazırda müzakirə olunan və dərhal qərar qəbul ediləcək məsələ deyil. Burada həm dövlət büdcəsinin formalaşdırılması, həm ümumi maliyyə paketinin bölüşdürülməsi, həm də ölkə miqyasında vəsaitlərin müxtəlif istiqamətlərə yönəldilməsi nəzərə alınmalıdır. Bu baxımdan, yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq”.
Aynur Babazadə











































