Ermənistanın baş naziri Paşinyan yenidən dağlıq Qarabağa gedib. O, Qarabağda yerləşən döyüş mövqelərində olub, Xankəndində hərbçilərlə görüşüb və separatçı rejimlə "hərbi əməkdaşlığın dərinləşdirilməsi” məsələsini müzakirə edib.
Baku TV-nin əməkdaşları mövzuyla bağlı reportaj hazırlayıb və məsələylə bağlı ekspertlərin fikrini öyrənib.
Tovuzdakı gərginlikdən sonra heç bir beynəlxalq qınaqla rastlaşmayan və Minsk qrupunun həmsədrləri tərəfindən tənqid edilməyən Ermənistan getdikcə daha da azğınlaşır. Cəzasızlıqdan sui-istifadə edən bu ölkənin baş naziri növbəti dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Ekspertlərin fikrincə, son hadisələr və Paşinyanın bu səfəri faktiki olaraq Ermənistanın lokal müharibəyə hazırlaşdığını, Azərbaycana qarşı yeni hücum planları qurduğunu göstərir. Çünki səfər zamanı Paşinyan separatçı "lider” Araik Arutyunyanla birlikdə Qarabağda yerləşən döyüş mövqelərində olub, Xankəndində hərbçilərlə görüşüb və separatçı rejimlə "hərbi əməkdaşlığın dərinləşdirilməsi” məsələsini müzakirə edib.
Mütəxəssislər Rusiyanın Ermənistana daşıdığı yeni silahların və hərbi texnikanın bir qisminin ləngimədən Qarabağda yerləşdirildiyi və Paşinyanın indiki səfərinin həm də bununla əlaqəli olduğu qənaətindədirlər.
Paşinyanın və onun ailə üzvlərinin adının dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılması təsadüfi deyil. Bu baxımdan təxribatçı səfər zamanı onun Ağdərə rayonundakı "Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olması ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyətini bir daha təsdiqləyir…
Ekspertlərin fikrincə, Paşinyan bu kimi addımlar atmaqla Azərbaycanın səbri ilə oynayır. Bu da böyük müharibənin başlamasına gətirib çıxaracaq. Meydanda isə Azərbaycan və Ermənistanı tək qoymaq lazımdır. Əks təqdirdə Azərbaycanın da yanında da yer alan qüvvələr və dövlətlər olacaq ki, bu da Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək.