"Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında danışıqların gündəliyi dəyişmir. Danışıqlar müxtəlif platformalarda - Moskvada, Vaşinqtonda və Brüsseldə aparılır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlərdə prioritetlərin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu kontekstdə deyirəm ki, danışıqlarda uğur qazanmaq lazımdır. Gündəlikdə duran məsələlər heç bir halda dəyişmir, prinsipial məsələlər dəyişmir, müzakirənin məntiqi dəyişmir", - o deyib.
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında keçiriləcək üçtərəfli görüşdən gözləntilərə gəlincə, Paşinyan bildirib ki, Mirzoyandan Bakı ilə mümkün sülh müqaviləsinin daha bir neçə maddəsinin razılaşdırılmasında irəliləyiş gözləyir.
///report