Paşinyanın qələbəsi sülh prosesinə necə təsir edəcək? – AÇIQLAMA

Paşinyanın qələbəsi sülh prosesinə necə təsir edəcək? – AÇIQLAMA
SİYASƏT
15:55 08.06.2026
259
"Nikol Paşinyanın qələbəsi regional perspektivlər baxımından böyük əhəmiyyət daşıyır”

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib.

Politoloq bildirib ki, Ermənistanda keçirilən seçkilər kifayət qədər gərgin və mürəkkəb şəraitdə baş tutub:


"Ermənistanda keçirilən gərgin seçkilər artıq başa çatdı və Nikol Paşinyan növbəti dəfə rəqibləri üzərində qələbə qazandı. Doğrudur, seçkilər kifayət qədər ağır və gərgin şəraitdə keçdi. Xaricdən ciddi müdaxilələrin olduğu bildirilirdi. Xüsusilə Rusiyanın təsiri və müdaxilə cəhdləri seçki prosesinə kölgə salırdı. Buna baxmayaraq, Nikol Paşinyan bütün təzyiqlərə tab gətirərək lazım olan nəticəni əldə etdi və cəmiyyətin dəstəyini qazana bildi”.

O. Qasımovun sözlərinə görə, Paşinyanın qələbəsi regional perspektivlər baxımından da mühüm əhəmiyyət daşıyır:

"Seçkilərdə iştirak edən siyasi qüvvələr arasında qonşu ölkələrlə münasibətlərin normallaşdırılması ideyasını ən açıq şəkildə müdafiə edən əsas fiqur məhz Paşinyan idi. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, onun bu seçkilərdə əldə etdiyi nəticə əvvəlki seçkilərlə müqayisədə təxminən 4 faiz aşağıdır. Belə ki, əvvəlki seçkilərdə 54 faiz səs toplayaraq parlamentdə 71 mandat qazanmışdısa, bu dəfə 49,81 faiz səslə 61 mandat əldə edib”.

Politoloq qeyd edib ki, parlamentdə Rusiya yönümlü qüvvələrin təmsilçiliyi artıb:

"Əgər əvvəlki çağırış parlamentdə həmin qüvvələrin 27 mandatı var idisə, hazırda bu rəqəm 44-ə yüksəlib. Bu vəziyyət Paşinyan üçün müəyyən siyasi çətinliklər yaratsa da, eyni zamanda sülh prosesinin irəliləməsi, kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində yeni imkanlar yarada bilər”.

O. Qasımov hesab edir ki, Konstitusiya referendumu ilə bağlı qərar ölkədaxili siyasi vəziyyətdən asılı olacaq:

"Konstitusiya referendumu məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Paşinyan hələ seçkilərdən əvvəl və seçki kampaniyası dövründə yeni Konstitusiyanın qəbulu ilə bağlı mövqeyini açıq şəkildə ifadə etmişdi. Yeni Konstitusiya layihəsinin də hazır olduğu bildirilir. Lakin əsas sual bundan ibarətdir ki, Paşinyan bu il referendum keçirməyə qərar verəcəkmi? Bu, daha çox ölkədaxili siyasi vəziyyətdən asılı olacaq. O, əvvəlki seçkilərlə müqayisədə daha az səs topladığını əsas gətirərək prosesi müəyyən müddətə təxirə sala bilər. Bununla belə, gözləntilər ondan ibarətdir ki, əldə etdiyi qələbədən sonra verdiyi vədlərə sadiq qalacaq və referendumun keçirilməsi istiqamətində addımlar atacaq”.

Politoloqun fikrincə, Konstitusiya ilə bağlı məsələlərin həlli bölgədə sülh və sabitlik üçün mühüm zəmin yarada bilər:

"Əgər Konstitusiya ilə bağlı məsələlər öz həllini taparsa, bu, bölgədə sülh və sabitliyin möhkəmlənməsi üçün vacib addım olacaq. Nəticə etibarilə, Cənubi Qafqazda tamamilə yeni siyasi mənzərənin formalaşması ehtimalı yaranır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi uğurla davam edərsə, gələcəkdə Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq formatının yaranması da mümkün ola bilər. Bu isə regionda sabitliyin, sülhün və iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edər”.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR