Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Düşənbədə keçirilən sammitində bildirib ki, Vaşinqtonda imzalanmış bəyannamədə regionda sülh və sabitliyi təşviq etmək üçün Ermənistan ərazisindən keçməklə Azərbaycan və Naxçıvan arasında maneəsiz nəqliyyat xətlərinin açılması təsdiqlənib. O əlavə edib ki, Ermənistan ABŞ və üçüncü tərəflərlə birlikdə "Tramp Yolu” layihəsini tətbiq edəcək. Layihə vasitəsilə ölkə dəmir yolu və digər nəqliyyat əlaqələri ilə MDB ölkələri ilə əlaqə quracaq və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.
Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, Nikol Paşinyanın açıqlamaları Ermənistanda keçiriləcək parlament seçkilərinə hesablanıb:
"Nikol Paşinyanın son açıqlamaları böyük ölçüdə Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə hesablanıb. Baş nazir çox dəqiqliklə anlayır ki, Rusiya onu vəzifədən çıxarmaq niyyətindədir. Ona görə də Rusiya ilə münasibətlərin nisbətən yumşalması üçün müəyyən manevrlər etməyə çalışır. Paşinyan xüsusilə diqqət edir ki, Rusiya Zəngəzur dəhlizinin yalnız öz nəzarəti altında açılmasına razı ola bilər. Əks halda, bu dəhlizin ABŞ nəzarəti altında açılmasına qarşı ciddi müqavimət göstərəcək. Belə olan halda bütün narazılıq birbaşa onun hakimiyyətinə yönələcək”.
Ekspert vurğulayıb ki, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarında Rusiyanın maraqlarına zidd olmadığını göstərməyə çalışır:
"Hətta "Trump yolu” adlandırdığı bu dəhlizin Rusiya da daxil olmaqla MDB ölkələrinin iqtisadi, ticarət və logistika maraqlarına cavab verdiyini vurğulayır. Buradakı əsas məqsəd Rusiya tərəfindən Ermənistanın siyasi məkanına kobud müdaxilənin qarşısını almaqdır”.
Şahanə Ziyad